“İsrail-Fələstin müharibəsi 4 aydan artıq bir müddətdir ki, davam edir və bu müddət ərzində fələstinlilərdən ölənlərin sayı 23 mini keçib”.
Bu sözləri Editor.az-a hazırda dünyanın diqqət mərkəzində olan müharibələrlə bağlı şərh verərkən politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, müharibənin maştabı getdikcə böyüyür:
“İsrail Qəzza zolağında fələstinliləri gecə-gündüz raket zərbələrinə tutur və yerüstü əməliyyatlar davam edir. Netanyahu sonuncu HƏMAS üzvünün öldürülünə qədər müharibənin davam edəcəyini bildirib.
Dünən İsrailin müdafiə naziri bildirdi ki, sonuncu girov olan vətəndaşlarını azad edənə qədər müharibə davam edəcək. Bu baxımdan da müharibənin konkret nə zaman bitəcəyi məlum deyil, hətta müharibənin hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır. BMT-də atəşkəslə bağlı çağırışlara da heç bir reaksiya verilmir.
Rusiya-Ukrayna müharibəsi isə 2 ilə yaxındır ki, davam edir və son zamanlar Rusiyanın dron və raket hücumları artıb. Eyni zamanda, Ukraynanın böyük şəhərlərinə ardıcıl hücumlar edilir. Bu da Ukraynaya edilən yardımların azalması ilə bağlıdır. Hazırda nə Rusiya, nə də Ukrayna danışıqlara getməyə razıdır. Bu baxımdan bu müharibənin də nə zaman bitəcəyi məlum deyil”.
//Səbinə Hüseynli, Editor.az

