Müharibənin sonu görünürmü? – Politoloqdan Rusiya-Ukrayna danışıqlarına dair MARAQLI ŞƏRHbackend

Müharibənin sonu görünürmü? – Politoloqdan Rusiya-Ukrayna danışıqlarına dair MARAQLI ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hərbi əməliyyatlarla yanaşı diplomatik cəhdlər də davam edir. Lakin bu prosesin yekun nəticəyə gətirib çıxaracağına dair nikbin proqnozlar azdır. Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, müharibə rəsmi elan olunmasa da, cəbhədə milyonlarla əsgər döyüşür və ən müasir silahlar real şəraitdə sınaqdan keçirilir.

Onun sözlərinə görə, sülh təşəbbüsləri savaşın ilk günlərindən səslənsə də, əksər hallarda bunlar vaxt qazanmaq və daxili auditoriyalara hesablanmış diplomatik manevrlər idi:

“Yeganə ciddi nəticələr Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən görüşlərdə əldə olundu – taxıl dəhlizi, əsir mübadiləsi və bəzi humanitar addımlar. Lakin müharibənin dayandırılması istiqamətində Avropanın müdaxiləsi gözlənilən nəticəni vermədi”.

F.Məhərrəmlinin fikrincə, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Alyaskada keçirilən Tramp–Putin görüşü və ardınca Vaşinqtondakı ABŞ–Ukrayna–AB sammiti ümidləri artırsada, son açıqlamalar və rəsmi mövqelər prosesin dalana dirəndiyini göstərir.

Politoloq vurğulayıb ki, Rusiyanın irəli sürdüyü tələblər Ukrayna üçün demək olar ki, kapitulyasiya şərtləridir:

“Bu şərtləri qəbul etmək Ukraynanın müstəqillikdən və ərazi bütövlüyündən imtinası deməkdir. Lavrovun Putin–Zelenski görüşünü “fantaziya” adlandırması isə danışıqların başlamadan iflasa uğraması kimi qiymətləndirilə bilər”.

Onun qənaətincə, əgər Moskva və Kiyev arasında razılıq əldə olunmasa, ABŞ prosesdən çəkiləcək və nəticədə Ukrayna ilə Avropa İttifaqı Rusiyanın qarşısında tək qalacaq. Bu fondda AB liderlərinin Türkiyəni danışıqlar masasına dəvət etməsi, Ankaranın hələ də “son ümid” kimi görüldüyünü təsdiqləyir.

//Gülnarə Abasova, Editor.az