Rusiya və Ukrayna arasında liderlər səviyyəsində birbaşa danışıqların baş tutmaması, müharibənin indiki gedişatını şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, əgər Vladimir Putin və Volodimir Zelenski müharibədən öncə görüşə bilsəydilər, bu gün yaşanan vəziyyət fərqli ola bilərdi. Lakin Kremlin mövqeyi, xüsusən də Putinin Zelenskini bərabər tərəf kimi qəbul etməməsi, belə bir görüşün baş tutmasına imkan verməyib.
Siyasi analitik Azər Qasımov Editor.az-a bildirib ki, Putin–Zelenski görüşünün mümkünsüzlüyü əslində iki ölkəni indiki duruma gətirdi:
“Onlar müharibədən əvvəl görüşsəydilər, vəziyyət indiki duruma gəlməzdi. Amma bu, mümkün deyildi. Çünki Putin Zelenskini özünə bərabər rəhbər hesab etmir. Putin özünü ondan güclü və səviyyəli görür. Zelenskini isə Qərbin əlaltısı sayır. Ona görə də görüşü onunla yox, onu idarə edənlər hesab etdikləri ilə keçirir.”
Onun sözlərinə görə, İstanbul formatı isə yalnız aşağı ranqlı məmurların iştirak etdiyi bir platformadır:
“İstanbulda nə qədər desən, görüş xatirinə görüş keçirmək olar. Zelenskinin Putinlə görüşə hazır olduğunu bəyan etməsini anlamaq olar. O, düşünür ki, bəlkə bu yolla nəsə əldə etmək mümkün olar. Amma Putin Zelenski ilə görüşməz. Çünki bu, onun üçün ölkə daxilində prestij itkisi olar.”
Azər Qasımov qeyd edib ki, ABŞ tərəfinin Alyaska görüşü zamanı irəli sürdüyü Zelenski–Putin danışıqları ilə bağlı açıqlamalar da reallıqdan uzaq idi:
“Belə bir görüş Rusiya üçün yalnız şou xarakteri daşıya bilər. Bu da yalnız o halda mümkün olardı ki, Zelenski Rusiyanın şərtlərini qəbul edib kapitulyasiya sənədinə imza atsın. Bunun isə gerçəkləşməsi mümkünsüzdür. Deməli, belə bir görüş də olmayacaq. Müharibə isə yeni fazaya qədəm qoyur.”
//Gülnarə Abasova, Editor.az

