Mühüm razılaşma: İrəvana yeni “yumşaq təzyiq” yolu…backend

Mühüm razılaşma: İrəvana yeni “yumşaq təzyiq” yolu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan istər dini, istərsə də etnik baxımdan ən azı Türkiyə qədər bizə yaxın və doğmadır. Türkmənistanla Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında iqtisadi-siyasi və mədəni münasibətlərin gələcək prespektivdə daha da genişlənməsinə ciddi töhfə verəcək.

Bu sözləri Axar.az-a politoloq Teymur Qasımlı yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması haqda danışarkən deyib.

O bildirib ki, Türkmənistan digər türk ölkələrindən fərqli xarici siyasət yürüdür:

“Bu ölkə daha ehtiyatlı və neytral xarici siyasətə üstünlük verir. Təsadüfi deyil ki, Türkmənistan uzun müdət TDƏŞ-lə belə məsafəli olub. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətə gəlişi ilə ölkənin xarici siyasətində müəyyən yumşalmalar oldu”.

Politoloq deyib ki, “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunun imzalanmasının siyasi tərəfləri də var:

“Bu razılaşma Türkmənistan qazı və neftinin Azərbaycan vasitəsilə Avropa bazarına nəqlinə şərait yaradacaq. Beləcə iki ökə arasında ciddi bir iqtisadi əlaqə formalaşacaq. Bundan başqa, gələcəkdə Xəzərin hüquqi statusu məsələsində də razılığa gəlmək olar.

Azərbaycan Türkmənistanla imzalanan bu memorandumla Ermənistana ciddi təzyiq imkanı əldə edəcək. Bu gün Türkmənistanda 20 minə qədər erməni yaşayır. İki ölkə arasında sərbəst gediş-gəliş mümkündür. Bir maraqlı nüans isə budur: Türkmənistandan Türkiyəyə işləməyə gedən türkmən vətəndaşlar Ermənistan üzərindən gedir. İki ölkə arasında yeni razılaşmalardan sonra türkmən vətəndaşlar Türkiyəyə Azərbaycan üzərindən gedə bilər. Təbii ki, bu, gələcəkdə baş tuta biləcək ikili razılaşmalardan da asılıdır”.

Politoloq qeyd edib ki, Türkmənistanı türk ölkələri ilə əməkdaşlığa təşviq etmək lazımdır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında qeyd etdiyi yeni əməkdaşlıq platformasına Türkmənistan da cəlb edilə bilər. Bu ölkə lazımi potensiala və zənginliklərə sahibdir. Həm Türkiyə, həm də Azərbaycan bu gün Türkmənistanla iqtisadi-siyasi münasibətlər qurmaqda maraqlıdır.

Ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinin hər birinin öz dövlət marağı var. Lakin Türkmənistan unikal bir ölkədir: neytraldır və heç bir ölkənin problemlərinə qarışmır. Hazırkı anlaşma bu ölkə ilə gələcəkdə daha sıx münasibətlər qurulması üçün müsbət bir prosesin başlanğıcı ola bilər”.