Yaxın Şərqdə artan gərginlik və ABŞ–İsrail tandemi ilə İran arasında mümkün hərbi qarşıdurma ssenarisi təkcə region dövlətlərini deyil, Cənubi Qafqazı da yeni geosiyasi mərhələyə daxil edə bilər. Böyük güclər arasında balansın dəyişməsi, təhlükəsizlik risklərinin yüksəlməsi və enerji marşrutlarının dayanıqlığı ətrafında yaranan suallar bölgə ölkələrinin strateji gündəliyini yenidən formalaşdırır. Belə bir fonda Azərbaycan, Gürcüstan və Ermənistan üçün həm müdafiə, həm diplomatiya sahəsində çevik qərar qəbuletmə zərurəti önə çıxır.
Politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalı Cənubi Qafqaz ölkələrində təhlükəsizlik balansının yenidən qiymətləndirilməsini zəruri edir.

Onun sözlərinə görə, regionun İranla birbaşa sərhəd və yaxın coğrafi təmas zonasında yerləşməsi əlavə riskləri gündəmə gətirir: “Belə bir ssenari sərhəd təhlükəsizliyi, hava məkanı və kəşfiyyat fəaliyyəti üzrə nəzarət mexanizmlərinin gücləndirilməsinə səbəb ola bilər. Bu isə region ölkələrinin müdafiə və təhlükəsizlik planlamasında müəyyən korrektələr tələb edəcək”.
Tural İsmayılov hesab edir ki, enerji və nəqliyyat marşrutlarının davamlılığı məsələsi də daha aktual mövzuya çevrilə bilər: “Xəzər hövzəsindən keçən enerji dəhlizlərinin qlobal bazarlar üçün əhəmiyyətini nəzərə alsaq, Hörmüz boğazında yaranacaq mümkün hərbi gərginlik dünya üzrə enerji qiymətlərində dalğalanmaya gətirib çıxara bilər. Bu proseslər dolayı şəkildə Cənubi Qafqaz ölkələrinin iqtisadi göstəricilərinə təsir edə bilər”.
Politoloq əlavə edib ki, region dövlətlərinin xarici siyasət balansı daha həssas fazaya daxil ola bilər:
“Böyük güclər arasında gərgin rəqabət Cənubi Qafqazın tranzit və strateji mövqeyini daha da artırır. Bu şəraitdə regionun geosiyasi risklərdən qorunması əsas prioritet olaraq qalır. İran daxilində baş verə biləcək siyasi və sosial proseslər sərhədyanı ticarətə, logistika və iqtisadi əlaqələrə də təsir göstərə bilər. Ticarət dövriyyəsi və kommunikasiya xətləri qısamüddətli dalğalanmalarla üzləşə bilər. Beynəlxalq təşkilatların və təhlükəsizlik qurumlarının regiona marağı artacaq ki, bu da yeni diplomatik çağırışlar formalaşdırır. Azərbaycan güclü siyasi mövqeyə sahib olduğu üçün ciddi risklərlə üzləşməyəcək, lakin Ermənistan üçün vəziyyət daha mürəkkəb ola bilər”.
//Gülnarə Abasova, Editor.az

