“Putinin indiki vəziyyətdə əsas hədəfi Ukraynada hakimiyyəti dəyişmək olacaq və buna qədər əldə olunan resurslar isə gərək planı həyata keçirmək üçün kifayət etsin. Digər tərəfdən isə hərbi əməliyyatlarla paralel dünyada müxtəlif güc mərkəzləri tərəfindən Rusiyaya qarşı iqtisadi sanksiyalar paketi qəbul olunmaqdadır. Ona görə də bütün Ukrayna boyu hərbi əməliyyatların kəndbəkənd, şəhərbəşəhər davam etməsi də imkansızdır”.
Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi analitikin sözlərinə görə, Ukraynanın dörd cəbhədən mühasirəyə alınması və xüsusilə şimal cəbhə Belarusiya istiqamətindən paytaxt Kiyevə helledici zərbələrin endirilməsi də onu göstərir ki, münaqişənin bitmə tarixi uzaqda deyil:
“Ukraynanın indiki halda hərbi müdafiə qabiliyyəti də Rusiyanın hava gücü hakimiyyəti qarşısında tab gətirə bilməyəcək. Hesab edirəm ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaların təsiri olmayacaq. Çünki bunların hər biri əvvəlcədən hesablanmış proseslərdir. Hadisələrin gedişatı onu göstərir ki, Putin Zelenski admistrasiyasını devirəcək və Rusiyadan asılı forpost bir hakimiyyətə nail olacaq. Digər tərəfdən ssenarilərdən biri belədir ki, Ukrayna Şərqi və Qərbi olmaqla iki yerə bölünsün. Buna görə isə gərək Ukrayna xalqı bütövlükdə Qərbə yığılsın və Ukraynaya qarşı müqavimət göstərsin. Hələ ki, belə bir müqavimət də biz görmürük. Ona görə də hesab edirəm ki, bu bölünmə mümkün deyil. Bu o halda mümkün olar ki, Zelenski admistrasiyası NATO tərəfindən güclü silahlandırılsın. Bunlar da baş verməyəcəyinə görə Zelenski hakimiyyətinin devriləcəyi daha ağlabatandır. Zelenskinin müxtəlif formada mühacirəti gözlənilir yoxsa fiziki olaraq məhv ediləcəkmi? Bunu da gələcək günlərdə görəcəyik”.
Ə. Əlibəyli hesab edir ki, bu əməliyyatların strateji hədəfləri təkcə Ukrayna deyil:
“Balkanlar, Qara dənizin NATO-ya üzv ölkələri, Maldaviya, şimal dənizi ölkələridir. Bu baxımdan Rusiyanın Ukrayna fəhtini bütövlükdə şərqi Avropa üzərindəki dominantlığın təsdiq olunacağı və Qərblə bundan sonra diktə dilində danışacağı anlamına gəlir. Amma hazırki məqamda Amerikanın da güc mərkəzi olan Atlantikanın Rusiya ilə dil tapması ehtimalı yaxındır. Çünki hazırda belə görünür ki, Atlantik mərkəzi ilə Rusiyanın qarşıdurmasında biz Çinin də varlığını qiymətləndirməliyik. Hətta Çin təhlükəsi elə bir həddə gəlib çıxıb ki, Ukrayna üzərindəki qara buludlar dağıldıqdan sonra Rusiya ilə Qərbin Çinə qarşı birliyini görə bilərik”.
//Gülnarə Abasova, Editor.az

