“Münasibətlərin normallaşması üçün Ermənistanın yalnız bir yolu var”-Deputatbackend

“Münasibətlərin normallaşması üçün Ermənistanın yalnız bir yolu var”-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  avqustun  23-də “Haber Global” televiziyasına müsahibə verib. Bir çox əhəmiyyətli mövzulara toxunan Çavuşoğlu, Cənubi Qafqazdakı durumdan da danışıb. Türkiyənin baş diplomatı Ermənistana xəbərdarlıq edib: “İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Ermənsitan 10 noyabr 2020-ci il tarixli bəyanatın şərtlərinə əməl etməlidir. Bir tərəfdən Rusiya ilə münasibətləri zədələnən Ermənistanın həqiqətən də Türkiyə ilə dostluğa ehtiyacı varmı? Bu normallaşma Ermənistana hansı üstünlükləri verəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dəfələrlə  bu məsələ Ermənistan tərəfinin diqqətə çatdırılıb:

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bilavasitə bağlıdır. Bu normallaşma reallaşmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. Əslində bu gün Ermənistan çox ağır vəziyyətdədir və bu haldan çıxmaq üçün bütün münasibətlərini normallaşdırmalıdır. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması həm Ermənistan iqtisadiyyatına, həm də Ermənistan vətəndaşlarına müəyyən üstünlüklər verəcək. Məsələn, ölkə iqtisadiyyatı inkişaf edəcək, sərhədlər açılacaq, gediş-gəliş sərbəst olacaq. Ermənistanın imzalanan bəyanatın şərtlərinə əməl etməməsi Ermənistan-Türkiyə münasibətlərinə də ciddi təsir göstərir. Ermənistan bu şərtlərə ona görə əməl etməlidir ki, Türkiyə ilə münasibətləri normallaşsın. Əks halda bu normallaşma heç vaxt olmayacaq. Hazırda revanşist siyasət yeridən Ermənistanın Türkiyə ilə dostluğa can atması real görünmür. Amma zamanla bu prosesin də şahidi ola bilərik”.

//Safura Bənnayeva, Editor.az