Münhen konfransı: İrəvanın fiaskosu, Bakının uğurubackend

Münhen konfransı: İrəvanın fiaskosu, Bakının uğuru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Münhen şəhərində 60-cı Təhlükəsizlik Konfransı başa çatıb.

150-dən artıq dövlət və hökumət başçılarının, xarici işlər və müdafiə nazirlərinin, habelə yüzlərlə siyasətçinin, ekspertin və jurnalistin qatıldığı tədbiri təşkilatçılar qlobal müzakirə forumuna çevirməyə çalışaraq, proqramı maksimal dərəcədə rəngarəng etməyə can atdılar.

Forumda müzakirə olunan çoxsaylı problemlər arasında Azərbaycanla Ermənistan arasındakı münasibətlər və iki ölkə arasında imzalanacaq sülh sazişi də vardı.

Lakin yubiley konfransında nikbin mühit yaranmadı. Tam əksinə, Qərb ölkələrinin rəhbərləri və nümayəndələri qlobal geosiyasi müstəvidə bədbinliyin hökm sürdüyünü təsdiqlədilər.

Yüksəkçinli avropalı diplomatlardan biri konfransın kuluarlarında etiraf edib: “Hər şey əvvəlki axarına qayıdıb. 60 il əvvəl bu konfrans almanlarla amerikalıların SSRİ-yə qarşı necə müqavimət göstərməyin yollarını müzakirə etmələri ilə başlanmışdı. İndi də avropalılarla amerikalılar Rusiyanı dayandırmağın yollarını arayırlar”.

Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendəki “macəralar”ını konfrans iştirakçıları çətin ki, qısa müddətdə unutsunlar.

Halbuki Ermənistanın kütləvi informasiya vasitələrində bu səfərlə bağlı ifrat dərəcədə anonslar, ehtimallar, proqnozlar vardı. Erməni mediasının fikrincə, Münhen Təhlükəsizlik Konfransı (MTK) İrəvanın xarici siyasətdə sıçrayşı, qlobal geosiyasi məkanda erməni siyasətinin yeni mərhələsi, Paşinyan administrasiyasının yeni uğuru və s. olacaqdı.

Erməni jurnalistlər və siyasətçilər hətta “Ermənistanla Qərb arasında yeni, sensasion əməkdaşlıq istiqamətlərinin və anlaşmalarının əldə ediləcəyi”nə də işarə vururdular.

Əslində, bütün bunlar olmadı.

Olan Almaniyanın kansleri Olaf Şoltsun rəsmi Bakıya ünvanlanmış xahişlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüş, Avropa İttifaqının nümayəndələri və sonra da ABŞ-nin dövlət katibi Entoni Blinkenlə danışıqlar, onlarla foto, bir də sarsaq kepkalı görüntülərdir.

Nikol Paşinyanın Münhenə səfərinin nəticələri bunlar, bir də onun paradoksal bəyanatları oldu.

Almaniyadakı erməni icmasının mənsubları ilə görüşündə Ermənistanın baş naziri deyib: “Masada mühüm məsələ, yəni əvvəllər əldə edilmiş razılıqların təsdiqlənməsi və tərəflərin əldə edilmiş razılaşmalara sadiq qalmaları vardı. Qərara gəldik ki, xarici işlər nazirlərinin görüşü sülh sazişinin mətninin müzakirəsinə və razılaşdırılmasına keçid etməlidir. Dünya birliyinin də nəzərinə çatdırdıq ki, Qarabağ öz müqəddəratını təyin etmək hüququ ilə müstəqil olmalıdır. Onlar da bizə dedilər ki, müqəddaratı təyin etmək hüququnu onlar yaradıblar. Bizə əvvəllər elə gəlirdi ki, münaqişəni Azərbaycana qarşı aparırıq. Halbuki bu münaqişəni bütün dünya birliyinə qarşı aparırdıq ki, bu da ağılsızlıq idi. Rusiyanın ərazimizdə nəyisə nəzarətdə saxlaması məsələsinə gəldikdə isə, üçtərəfli bəyanatın 9-cu bəndində bu barədə heç nə deyilmir. Bəyanatın digər bəndlərini isə Azərbaycanla Rusiya faktiki olaraq parçalayaraq bir tərəfə atdılar. Rusiya da, Azərbaycan da bəyanatın əvvəlki 8 bəndi ilə bağlı öhdəliklərini pozdular”.

O, daha sonra bildirib ki, Ermənistan bundan sonra siyasətini beynəlxalq hüquqa uyğun, tam legitim yürütməlidir: “Yalnız belə olarsa, güclü olacağıq. Əgər bölgədə sülhü məhv etmək üçün gücləndiyimizi ətrafımızdakılar görsələr, bizə güclü olmağa kim imkan verər ki?!”

Beləlikdə, Nikol Paşinyan həmişə və hər yerdə olduğu kimi, yalan danışıb.

2020-ci ilin noyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında imzalanmış üçətərəfli “bəyanatın 9-cu bəndində bu barədə heç nə deyilmir” açıqlamasına gəldikdə isə, qəfil yaddaş problemləri ilə üzləşmiş N.Paşinyana xatırladaq: sənədin 9-cu bəndində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Yəni Nikol Paşinyan Münhendə başında kepka dolaşaraq marazmatik görkəm təsiri bağışlasa da, özünü degenerat yerinə qoysa da, imzaladığı sənədin məzmunundan bixəbər ola bilməz.

Sadəcə, N.Paşinyan Münhen konfransında iştirakından və oradakı görüşləri ilə bəyanatlarından Qərbə nə qədər sadiq və meyilli olmasını göstərmək, habelə Rusiyaya ünvanlanmış demarşları reallaşdırmaq üçün yararlanmağa can atır.

Onun üçtərəfli bəyanatda Zəngəzür dəhlizində hərəkətin və daşımaların təhlükəsizliyinin Rusiya sərhədçiləri tərəfindən təmin olunması barədə bəndin olmaması barədə açıqlaması da Moskvaya qarşı yönəlmişdi. Çünki bu açıqlamanın nə sülh sazişi barədə Bakı ilə aparılan danışıqlara, nə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş prosesə dəxli var.

Paşinyan anti-Moskva mövqe tutduğunu Qərbin diqqətinə bir daha çatdırmaq istəyib.

Bakı da, Moskva da bunu anlayır.

Münhendəki dəbdəbəli “Bayerischer Hof” hotelinə toplaşanlar zahirən nikbin görünsələr də, qlobal geosiyasətdəki təmayüllərin artıq sürətlə dəyişdiyini və güc nisbətləri ilə qüvvələr rəqabətinin kollektiv Qərbin mövqelərini zəiflətməyə davam etdiyini anlayırlar.

Münhendəki forumdan Qərbdən daha çox dəstək almaq, özününsə Qərbə meyilli və sədaqətli olduğunu göstərməyə çalışan Ermənistandan fərqli olaraq, Azərbaycan üçün bu forum yalnız mövqelərin növbəti dəfə dəqiqləşdirilməsi üçün vasitə idi.

Münhenə alternativ forumlar az deyil. Valday forumu, Avrasiyada təhlükəsizlik məsələləri üzrə Minsk konfransı, “Raysin dialoqu” (Hindistan), Sir bəni Yas forumu (BƏƏ), Anadolu forumu (Türkiyə), Doha forumu (Qətər) və b. konfranslar çağdaş beynəlxalq münasibətlərin aktual problemləri ilə bağlı fikir mübadiləsi, müzakirələr və diskussiyalar üçün yetərincə normal müstəvilərdir.

Avropa İttifaqına və NATO-ya can atdığını, eyni zamanda həddən zəif iqtisadiyyata və maliyyə resurslarına malik olduğunu son vaxtlar daha intensiv bəyan edərək Qərbdə keçirilən bir konfransı da iştiraksız buraxmayan Ermənistandan fərqli olaraq, rəsmi Bakı üçün Münhen konfransında iştirak seçim məsələsi idi.

Münhendə ölkəmiz bir daha bəyan etdi ki, Azərbaycan xarici siyasətində yeni dövrə – ərazilərimizin 20 faizinin Ermənistanın işğalından azad edilməsindən sonra fəsadların aradan qaldırılmasından Cənubi Qafqazın inklüziv, tarixi və siyasi vəhdətinə doğru irəliləyir.

Söhbət çoxistiqamətli, çoxplanlı siyasət strategiyasından gedir.

Azərbaycan hüquqlarını müdafiə edir, qoruyur və təminatına can atır, münaqişələr aramır.

Kollektiv Qərb bunu nə qədər tez anlarsa, bir o qədər yaxşıdır.

TREND