Münhendə üçtərəfli görüş: “Beynəlxalq ictimaiyyət Azərbaycanın nə istədiyini bilir və qəbul edir”backend

Münhendə üçtərəfli görüş: “Beynəlxalq ictimaiyyət Azərbaycanın nə istədiyini bilir və qəbul edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münhendə üçtərəfli görüşün ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutması aydın göstərdi ki, Fransanın bu prosesdə heç bir yeri və rolu yoxdur. Burada ən vacib məsələ Bakının qəti şəkildə sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinə diqqəti yönəltməsidir. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir: “Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır!” Dövlət başçımızın daha bir haqlı təpkisi “Dağlıq Qarabağ” ifadəsilə bağlı oldu. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda “Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ona görə bizim tərəfdaşlardan Azərbaycanın suverenliyinə və Konstitusiyasına sayğı göstərmələrini xahiş edirəm” deyən Prezident İlham Əliyev həm Paşinyana, həm də açıq şəkildə tərəf tutan moderatora yerini göstərdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, mövcud vəziyyət bu məsələdə Azərbaycanın prinsipial mövqeyi ilə yanaşı, həm də Fransanın birtərəfli ermənipərəst siyasəti ilə şərtlənir:

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə başlayan Brüssel formatının sonrakı mərhələdə pozulması da elə Fransanın vasitəçilik təşəbbüsü cəhdindən sonra baş verdi. Görünən budur ki, beynəlxalq ictimaiyyət Brüssel formatını, o cümlədən də Azərbaycanın irəli sürdüyü və Ermənistanın qəbul etdiyi 5 prinsipi dəstəkləyir. Azərbaycan Prezidenti tədbirdə Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun üzərində nəzarət-buraxılış məntəqələrinin yaradılması təşəbbüsü ilə də çıxış etdi. Bu təklifin reallaşması hazırda mövcud olan bir çox problemlərin həllinə gətirib çıxara bilər. Münhen Təhlükəsizlik Konfransında bu reallıq bir daha bəyan olundu və Azərbaycan Prezidentinin təklifinin qəbul edildiyi bir daha təsdiqini tapdı. Ermənistanın bu təşəbbüsə reaksiya verməməsi isə onun sülhdə maraqlı olmadığını, vaxt uzatmağa çalışdığını göstərir”.

K.Nurullayevanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı bir daha aydın göstərdi ki, Azərbaycan tərəfi Ermənistanla münasibətin normallaşması, sülh sazişinin imzalanması üçün görüləcək işlərə dair aydın təsəvvürə malikdir və optimal təkliflərlə çıxış edir:

“Əsas məsələ budur ki, beynəlxalq ictimaiyyət də Azərbaycanın nə istədiyini bilir və qəbul edir. Ermənistan isə mövcud reallığı nəzərə almır və absurd ideyalarla gündəmi pozmağa çalışır. Bir sözlə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında mövcud vəziyyəti təhlil etdi. Reallıq ondan ibarətdir ki, Ermənistan məğlub tərəf kimi reallıqları və şərtləri qəbul etməyə məhkumdur. Burada həm də 30 il işğal siyasətinə göz yuman beynəlxalq ictimaiyyətin məsuliyyəti ön plana çıxır. Ukrayna-Rusiya böhranı ilə bağlı xüsusi qətiyyət sərgiləyənlərin 30 il ərzində susqunluq və biganəlik nümayiş etdirməsi təəssüf doğurur”.

//Gülnarə Abasova, Editor.az