Müraciət: “Avropa Parlamenti Ermənistandakı ağır hadisəni niyə görməzdən gəlir?”backend

Müraciət: “Avropa Parlamenti Ermənistandakı ağır hadisəni niyə görməzdən gəlir?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Avropa Parlamentinə müraciət edib.

Müraciətdə qurumun ədalətsiz siyasətinə etiraz edilir: “Ermənistanın Nubaraşen təcridxanasında saxlanılan sayt rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra ölüb. Xatırladaq ki, bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb”.

Qeyd olunub ki, Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbçilər həbs olunub: “Ölkənin keçmiş prezidenti Robert Koçaryan hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən hadisəni sükutla qarşılamamalıdır.

Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvarın 17-də təcili qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun guya aclıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki bu iddiaların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi”.

Bildirilir ki, bu gün Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir: “Əks halda Azərbaycan xalqı Avropa Parlamentini qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir. Sizə sual edirik: Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməzdən gəlir?”

//Trend