Müsavatla ReAl arasındakı davaya deputat da qarışdı: “Arif bəydən bu yazını görmək üzücü oldu”backend

Müsavatla ReAl arasındakı davaya deputat da qarışdı: “Arif bəydən bu yazını görmək üzücü oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erkin Qədirli: “Real yanıla bilər, amma satıla bilməz”

“Arif bəy Hacılının ReAl-ın ünvanına yazdığı statusa görə çox üzüldüm”.

Bu sözləri ReAl partiyasından olan deputat Erkin Qədirli sosial şəbəkədə bildirib. Müsahibimizin sözlərinə görə, ReAl ilə Müsavat arasında heç zaman problem olmayıb, hər dəfə dostcasına danışıblar və orada dostları var:

“Müsavatçılardan heç zaman şər-böhtan, söyüş görməmişəm. Çox sərt tənqidlər olub, amma onların heç biri etik çərçivəni aşmayıb. Bütün bunların fonunda Arif bəydən belə bir yazını görmək çox üzücü oldu. Niyə hökumət məhz ReAl-la danışır? Niyə parlamentə məhz Erkini buraxdılar? Bu suallara cavab verməkdən həmişə yayınmışam. Hətta bir dəfə “özüm də bilmirəm” demişəm ki, zərbəsi mənə dəysin, amma söhbət uzanmasın. Arif bəyin statusundan sonra bu sualları cavablandırmaq istədim”.

E.Qədirli deyib ki, hökumətin məhz ReAl-la danışmasının səbəbi ReAl-ın yalan danışmaması, söyməməsi, atmaması, satmamasıdır:

“Məni ona görə parlamentə buraxdılar ki, mənimlə ən ağır məsələləri danışmaq, ən gizli söhbətləri etibar etmək olur. Biz anlaşmaya asan getmirik, anlaşmanın prinsiplərini razılaşdırmadan kimsə ilə anlaşmırıq. Anlaşanda da anlaşmanı pozmuruq. Hökumətlə hələ heç bir anlaşmamız yoxdur, amma Müsavatla olub. 2018-ci ildə ReAl qurultay üçün Müsavatdan yer istəmişdi. Mən onun əleyhinə idim, amma çoxluq onu məqbul saydı. Ona görə əleyhinə oldum ki, bizə görə Müsavata basqı olacağını güman edirdim. Əleyhinə olduğuma görə Müsavatla danışığa getmədim. Dostlarımız danışıqlardan sevincək qayıtdılar və Müsavatla yerlə bağlı anlaşdıqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra Arif bəy, yanılmıramsa, Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi. Bu dəfə də Azər bəy danışığa getmək istəmədi, düz də etdi. Amma bu dəfə məni göndərdilər, çünki mən yumşaq danışıram, kompromislərə, bir qayda olaraq, açıq oluram, qarşı tərəfin qayğılarını yaxşı anlayıram və s.

Arif bəylə söhbətimizin detallarını yazmaq istəmirəm. Qısaca onu yazım ki, gümanım doğru çıxdı – hökumət Müsavata sərt basqı yapdı. Arif bəyə dedim ki, ReAl Müsavat üçün ən uyğun çıxış yoluna bəribaşdan razıdır, bizə görə kimsəyə ziyan dəyməsini istəmirik. Arif bəy bir bəyanat hazırladı, biz də onu dəstəklədik. Ayrıca, o məsələ haqqında heç yerdə danışmayacağımıza söz verdik. Sözümüzü də tutduq. İndi özümə sual verməyim gəlir – biz sözümüzü niyə tutduq? Sonradan Arif bəyin bizi satılmışlıqda suçlaması üçünmü?”

E. Qədirli, həmçinin deyib ki, ReAl-ı sevməyə bilərsiniz, onu söyə də bilərsiniz. Amma ReAl-ın çox aydın bir üstünlüyü var – o, açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır:

“ReAl yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır. Ağıllı olan hər kəs də bunu görür”.

Musavat.com xatırladır ki, yaranan qarşılıqlı söz atışmasına Müsavat başqanı Arif Hacılının bir gün öncə yazdığı status səbəb olub. A.Hacılı statusunda yazıb ki, “Real artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir”.

Sözügedən status müsavatçı və realçılar arasında virtual savaşa səbəb olub.