Musiqi arterial təzyiqə və ürək döyüntüsünə necə təsir edir? — Həkim açıqladıbackend

Musiqi arterial təzyiqə və ürək döyüntüsünə necə təsir edir? — Həkim açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musiqiyə qulaq asmağın insanın ürək-damar sisteminin fəaliyyətinə, o cümlədən nəbz və arterial təzyiqə təsir göstərə bildiyi açıqlanıb.

Editor.az xəbər verir ki, həkim-psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkinanın sözlərinə görə, orqanizmin musiqiyə reaksiyası beynin səsləri emal etməsi və buna emosional cavab verməsi ilə əlaqəlidir. Melodiya sinir sistemi vasitəsilə oyanıqlıq və rahatlama proseslərində iştirak edən simpatik və parasimpatik sinir sistemlərinin fəaliyyətinə təsir göstərə bilər.

Mütəxəssis bildirib ki, musiqinin tempi və səs səviyyəsi bu baxımdan xüsusilə əhəmiyyətlidir. Sürətli, ritmik və yüksək səslə səsləndirilən musiqi emosional oyanıqlığı artıra, ürək döyüntüsünü və tənəffüsü sürətləndirə, arterial təzyiqi isə qısa müddətə yüksəldə bilər.

Bunun əksinə, yavaş tempə, hamar və proqnozlaşdırılan ritmə malik musiqilər insanın rahatlamasına, nəbzin yavaşlamasına və arterial təzyiqin müəyyən qədər aşağı düşməsinə kömək edə bilər.

Həkimin sözlərinə görə, musiqinin təsiri yalnız onun janrından deyil, insanın fərdi xüsusiyyətlərindən də asılıdır. Klassik və instrumental musiqilər, insanın sevdiyi mahnılar, eləcə də təbiət səsləri bəzi hallarda sakitləşdirici təsir göstərə bilər. Araşdırmaların nəticələrinə əsasən, rahatladıcı musiqiyə müntəzəm qulaq asmaq arterial təzyiqin və narahatlıq səviyyəsinin müəyyən qədər azalmasına kömək edə bilər.

Bununla belə, mütəxəssis musiqinin arterial hipertoniyanın müalicəsini əvəz edə bilməyəcəyini vurğulayıb.

Kraşkina qeyd edib ki, insanın yaşı, stress səviyyəsi, sağlamlıq vəziyyəti və musiqi zövqü də reaksiyanın formalaşmasında mühüm rol oynayır. Buna görə də eyni musiqi müxtəlif insanlarda fərqli emosional təsir yarada bilər.

Mütəxəssisin fikrincə, musiqidən ürək-damar problemləri olan pasiyentlərin reabilitasiyası zamanı əlavə vasitə kimi də istifadə etmək mümkündür. Onun relaksasiya, nəfəs məşqləri və bərpa prosesləri zamanı tətbiqi faydalı ola bilər. Lakin musiqinin səs səviyyəsinə diqqət yetirmək vacibdir, çünki həddindən artıq yüksək səs qıcıqlanma və narahatlıq yarada bilər.

//Gülnarə Abasova, Editor.az