Bu məsələ sülhün bərqərar olmasına mane olur – Nikol Paşinyanbackend

Bu məsələ sülhün bərqərar olmasına mane olur – Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1990-cı ilin Müstəqillik Bəyannaməsində “Dağlıq Qarabağ” Ermənistanın bir hissəsi kimi göstərilir ki, bu da sülhün bərqərar olmasına mane olur.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O qeyd edib ki, hazırda Bəyannaməyə istinad olan Konstitusiya dəyişiklikləri ölkə əhalisini “dövlət xalqına” çevirməyə imkan verəcək.

Nikol Paşinyan Ermənistanın İctimai Radiosuna müsahibəsində ölkənin dövlət siyasətinin Bəyannamədə təsbit olunmuş prinsiplərə əsaslanmalı olub-olmaması ilə bağlı sual verib. “Əgər belədirsə, bu o deməkdir ki, bizdə heç vaxt sülh olmayacaq. Üstəlik, bu o deməkdir ki, yenidən müharibə olacaq”, – baş nazir bildirib. Bu baxımdan o, mövcud Konstitusiyanı problemli adlandırıb.

Nikol Paşinyan onu da qeyd edib ki, Ermənistan hərbi-texniki və müdafiə sahəsində müttəfiqlərinə yenidən baxmalıdır. “Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97%-i Rusiya Federasiyası ilə bağlı idi. İndi isə bu, həm obyektiv, həm də subyektiv səbəblərdən ola bilməz”.

Onun fikrincə, KTMT ölkələri Ermənistanın təhlükəsizliyini təmin etmədilər və həlledici məqamda bu ölkəyə kömək etməkdən imtina etdilər.

Xatırladaq ki, yanvarın 19-da Nikol Paşinyan bildirmişdi ki, Ermənistanda ölkəni daha rəqabətli və “yeni geosiyasi və regional şəraitdə daha həyat qabiliyyətli” edəcək yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilməlidir.

Azərbaycan prezidenti İlham Əliyev də fevralın 1-də deyib ki, sülhə nail olmaq üçün Ermənistan Konstitusiyanı dəyişməli və “Dağlıq Qarabağ”a iddiasına son qoymalıdır. 2023-cü ilin oktyabrında Nikol Paşinyan “Dağlıq Qarabağ”ı Azərbaycan ərazisi kimi tanıyan bəyannamə imzalayıb.

//Samir Qurbanov, Editor.az