ABŞ-ın müttəfiqləri prezident Donald Trampın Ukrayna üçün ərazi güzəştlərini ehtiva edən münaqişənin həlli planından narahatdırlar.
Editor.az bildirir ki, bu barədə CNN diplomatik mənbələrə, o cümlədən Avropadakı mənbələrə istinadən xəbər verir. Nəşrin mənbələrinə görə, Trampın təklifləri Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin üçün “təhlükəli siqnal” kimi qəbul edilir.
CNN-ə danışan bir avropalı rəsmi bu həftə Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu, Ukrayna tərəfinin ərazilərlə bağlı müzakirələrin başlayacağı “nöqtəyə çatdığını” qeyd edib. Onun sözlərinə görə, danışıq tərəfləri ukraynalıları ABŞ administrasiyasına qarşı daha loyal mövqe tutmağa inandırıblar.
Qeyd edək ki, ABŞ-ın təklif etdiyi sülh planı Krımın Rusiya kimi tanınmasını və onun hərbi əməliyyatlar zamanı əldə etdiyi ərazilərin Rusiya üçün saxlanılmasını nəzərdə tutur. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, yarımadanı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, çünki bu, Ukrayna konstitusiyasına ziddir. Daha sonra Donald Tramp bildirib ki, Ukrayna liderinin bu cür bəyanatları Rusiya ilə danışıqlara mane olur.
//Samir Qurbanov, Editor.az