“Müxalifətin səhnələşdirdiyi aksiyaların Paşinyan hakimiyyətinə ciddi təsiri yoxdur”- Politoloqbackend

“Müxalifətin səhnələşdirdiyi aksiyaların Paşinyan hakimiyyətinə ciddi təsiri yoxdur”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş Naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiya və demakrasiyası istiqamətində işlərin davam etdirildiyini açıqlaması İrəvanın bu məsələdə qərarlı olduğunu sübut edir. Məlum olduğu kimi müxalifət Baş Nazirin son addımlarından ona qarşı istifadə etməyə çalışaraq onu aldığı qərarlardan geri döndərmək istəyir. Amma Nikol Paşinyan bu müxalif qüvvələrə və İrəvanda gedən etiraz aksiyalarına baxmayaraq kəndlərin Azərbaycan qaytarılması prosesinin davam etdiyini vurğulayır. üstəlik həm Nikol Paşinyan, həm də onun ətrafındakılar prosesin məhz onların istəyinə uyğun getdiyini təsdiq edirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

O, bildirib ki, Ermənistanın Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan bir qədər də irəli gedərək qaytarılan torpaqların məhz Azərbaycana aid olduğunu vurğulamaqdan çəkinməyib:

“Qriqoryan prosesin istənilən məcrada getdiyini təsdiq etməklə yanaşı danışıqlar vasitəsi ilə həll olunmalı olan problemlərin də mövcudluğunu bildirib:  “Ümumilikdə Bağanis, Voskepar və Berkaberdə heç bir problem yoxdur, lakin Kirantsda müəyyən problemlər yaranıb. 1976-cı ilin xəritəsinə görə, Ermənistan ərazisinə düşməyən 4 obyekt var. Bu obyektlərdən biri ev, digəri kiçik ev, növbətisi mağaza, digəri qarajdır. Bütün bu problemlər hökumətə ünvanlanıb. Bunları həll edəcəyik. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik (Gürcüstana gedən yolun bir hissəsi Azərbaycan ərazisindən keçir – red.). Bu proseslə biz daha çox təhlükəsizlik təminatları yaradırıq”, – deyərək  Qriqoryan vurğulayıb. Paşinyan və onun komandasının digər üzvlərinin Azərbaycanla münasibətdə verdikləri bəyanatlar onların Ermənistanın son dövrlərdə üzləşdiyi çətinliklərdən xəbərdar olduqlarını ortaya qoyur. Görünür, İrəvan xaricdəki himayədarlarından ümidini kəsib və artıq başa düşür ki, onların gələcəyi Azərbaycan və Türkiyənin fəal yardımı nəticəsində təmin oluna bilər. Məhz buna görə də hazırda orada Azərbaycana aid olan hər şeyin qaytarılmalı olduğunu təsdiq etməkdən çəkinmirlər. Onların Azərbaycan və Türkiyə ilə münasibətdə pozitiv siqnallar verməsi onu da sübut edir ki, müxalifətin səhnələşdirdiyi aksiyaların Paşinyan hakimiyyətinə ciddi təsiri yoxdur. Aksiyalar İrəvanı nəzərdə tutulan addımlardan çəkindərməyə qadir deyil”.

//Gülnarə Abasova, Editor.az