“Narkomanlar üçün xüsusi otaqlar yaradılıb, 3-4 saat ordan çıxmırlar“ – Rəşid Mahmudovbackend

“Narkomanlar üçün xüsusi otaqlar yaradılıb, 3-4 saat ordan çıxmırlar“ – Rəşid Mahmudov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar həm narkotikdən istifadə edən, həm də narkotiki yararlı bir vasitə kimi sosial şəbəkələrdə təbliğ edənlərin sayı artıb. Artıq qadınlar da narkotik vasitələrdən yan keçə bilmirlər. Vəziyyət o həddə çatıb ki, ötən gün iki övlad anası olan qadın sintetik narkotikdən (patı) dünyasını dəyişib.

Narkotik vasitələr qadınlar üçün hansı fəsadlar doğurur? “Ağ ölüm” adlandırdığımız bu bəladan necə xilas ola bilərik?

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında narkotikin çox qorxulu bir vasitə olduğunu, hətta gələcək nəsillərin kəsilməsinə və ya uşaqların anormal dünyaya gəlməsinə səbəb ola biləcəyini  qeyd edib:

“Narkotika gələcək nəslin formalaşamasına ziyan vurur. Bəzi ölkələrdə narkotik aludəçiliyini aradan qaldırmaq üçün müəyyən tədbirlər görülür. Məsələn, Hollandiyada narkomanlar üçün kiçik otaqlar yaradılıb. Onlar narkotik qəbul etmək istədikləri zaman həmin otaqlarda saxlanılırlar və 3-4 saat sonra həmin yeri tərk etmələrinə icazə verilir.

Narkotika böyük bir bəladır və bunu aradan qaldırmaq mümkün deyil. Bəzi ölkələr narkotika vasitəsi ilə küllü miqdarda pul qazanırlar. Hər kəsin bildiyi kimi narkotikanı bütün dünyaya yayan narkobaronlardır. İlk öncə onlarla bağlı tədbir görmək lazımdır. Müxtəlif meşələrdə, öz həyətyanı sahələrində narkotika əkənlər belə var.

Son zamanlar tərkibində kimyəvi maddələr olan sintetik narkotik maddələr yayılıb. Bunlar gələcəkdə insanların geninin dəyişməsinə də səbəb ola bilər.

Narkotiki bir dəfə qəbul etsən ömrünün sonuna qədər aludəçi olacaqsan. Elə bir bəladır ki, bütün həyatını məhv edənə qədər səndən əl çəkmir. Müalicəsi də çətindir. Narkomaniyaya qarşı yalnız dövlət və ya polis mübarizə aparmamalıdır. Bütün cəmiyyətimiz mübarizəyə qoşulmalıdır ki, gəncliyimizi, gələcəyimizi xilas edə bilək”.

Alim narkotika istifadə edən qadınlar haqqında da fikirlərini bildirib. Rəşid Mahmudov qadınların arıqlamaq üçün “patı”dan istifadə etməsinin yolverilməz olduğunu deyib:

“Qadınların narkotik vasitə qəbul etməsi daha qorxuludur. Onlar gələcəkdə övlad sahibi olmaya bilərlər. Bətnində uşaq olduğu halda narkotikanı qəbul edənlər də var. Həmin uşaqlar hansısa xəstəliklə dünyaya göz açacaqlar. Arıqlamaq üçün narkotikdən istifadə etmək yox, hərəkət etmək lazımdır”.