NASA-nın Artemis 2 missiyasının bir hissəsi olan Orion kosmik gəmisinin ekipajı Yer kürəsindən həyata keçirilən ən uzun pilotlu uçuş rekorduna imza atıb.
Editor.az xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) bu barədə X sosial media platformasında məlumat yayıb.
Astronavtlar Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen Yer kürəsindən təxminən 406 608 km uzaqlaşaraq Apollo 13 missiyasına məxsus rekordu 6 437 km geridə qoyublar. Altı saat davam edəcək bu yaxın uçuş zamanı ekipaj Ayın görünməyən tərəfini və tam Günəş tutulmasını müşahidə etmək imkanı əldə edəcək.
Aprelin 3-də NASA Artemis 2 Ay missiyası çərçivəsində Orion kosmik gəmisi tərəfindən çəkilmiş Yer kürəsinin ilk görüntüsünü yayıb. Şəkildə planet nazik aypara formasında təsvir olunub.
NASA-nın Artemis 2 astronavt missiyası yarım əsrdən artıq fasilədən sonra ilk dəfə aprelin 1-də Ay istiqamətində start götürüb. Proqramın əsas məqsədi isə Ay səthinə enişi nəzərdə tutan növbəti mərhələ — Artemis 3 missiyasına hazırlıqdır.
//Gülnarə Abasova, Editor.az

