2024 YR4 asteroidinin birbaşa Yerlə toqquşması ehtimalı 3,1%-ə yüksəlib.
Editor.az bu xəbəri NASA-nın Yaxın Planet Obyektlərinin Tədqiqi Mərkəzinin məlumatlarına əsasən açıqlayıb.
NASA tədqiqatçısı Devid Rankinin hesablamalarına istinadən “The Independent” qəzeti keçən həftə YR4 asteroidinin Yerə yaxınlaşarkən Aya çarpa biləcəyini, lakin bunun ehtimalının təxminən 0,3 faiz olduğunu yazmışdı. Bildirilir ki, o, Ayın səthinə düşərsə, diametri yüzlərlə metr olan krater yarana və ətrafa kosmik tullantılar səpələnə bilər.
Eyni zamanda daha əvvəl bildirilmişdi ki, 2024 YR4 asteroidinin birbaşa Yerə dəymə ehtimalı iki dəfə artaraq 2,3%-ə çatıb. Fevral ayında 2024 YR4 adlı futbol meydançası böyüklüyündə asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşacağı bildirilmişdi. Alimlər panikaya düşmürlər, lakin onun orbitini yaxından izləyirlər.
//Gülnarə Abasova, Editor.az

