NATO Baş katibi: “Dünyadakı avtoritar liderlər Putinin qalib gəldiyini görməməlidir”backend

NATO Baş katibi: “Dünyadakı avtoritar liderlər Putinin qalib gəldiyini görməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Buxarestdə NATO Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Aspen-German Marşal Fondu Forumunda açılış nitqi ilə çıxış edib.

Editor.az xəbər verir ki, baş katib Rusiyanın işğalına qarşı NATO-nun şərq cinahının hazırlığını artırdıqlarını, döyüş qruplarının sayını 4-dən 8-ə çatdırdıqlarını bildirib.

NATO və müttəfiqlərinin Rusiya-Ukrayna müharibəsində münaqişənin tərəfləri olmadığını, lakin Ukraynaya görünməmiş dəstək verdiyini vurğulayan Stoltenberq, Rusiya prezidenti Vladimir Putinin müharibədə uduzduğunu, ona görə də daha qəddarlıqla cavab verərək şəhərlərdə mülki şəxslərə və infrastruktura hücum etdiyini bildirib: “Dünyadakı avtoritar liderlər Putinin qalib gəldiyini görməməlidir” .

Ukrayna ilə NATO arasında çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan Stoltenberq bunun Rusiyanın 24 fevral hücumu ilə başlamadığını, NATO ölkələrinin Ukrayna əsgərlərinə çoxdan təlim keçdiyini qeyd edib.

Stoltenberq gələcəkdə mümkün sülh danışıqlarında Ukraynanın masa arxasında güclü olması üçün bu ölkəyə dəstəyi davam etdirməli olduqlarını və geri çəkilməyəcəklərini vurğulayıb.

Baş katib, Ukraynanın mümkün NATO üzvlüyü ilə bağlı 14 il əvvəl NATO-nun Buxarest Zirvə toplantısında qəbul edilən qərarın arxasında olduqlarını ifadə edib: “NATO-nun qapıları açıqdır”.

Finlandiya və İsveçin NATO-ya üzvlük yolunda olduğunu bildirən Stoltenberq Rusiyanın hansı ölkənin NATO üzvü olacağına müdaxilə edə bilməyəcəyini vurğulayıb.

Stoltenberq deyib ki, Putin azad və demokratik ölkənin nə demək olduğunu başa düşmür.

//Samir Qurbanov, Editor.az