NATO da savaş mesajı verir, Türkiyə üçün “təhlükəsizlik çətiri” açır: Ankara Şimali Kipri alınmaz “hərbi qala”ya çevirirbackend

NATO da savaş mesajı verir, Türkiyə üçün “təhlükəsizlik çətiri” açır: Ankara Şimali Kipri alınmaz “hərbi qala”ya çevirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın Şərqdə intensiv və xaotik istiqamətli hərbi toqquşmaların törətdiyi geostrateji nəticələr yalnız NATO tərəfdən Türkiyə üzərində bir raketin zərərsizləşdirilməsi ilə məhdudlaşmır… Belə ki, bu hərbi böhran artıq Şərqi Aralıq dənizi geopolitik arealına da təsir göstərir və bu region tədricən Türkiyə vasitəsilə NATO-nun təhlükəsizlik sisteminə daxil edilməkdədir…

NATO Türkiyə ətrafında yeni təhlükəsizlik arxitekturası formalaşdırmağa başlayıb. Belə ki, Yaxın Şərqdə hərbi gərginliyin sürətlə artdığı bir vaxtda NATO-nun raketdən müdafiə sistemləri aktivləşdirilib. Və Türkiyənin Şərqi Aralıq dənizində öz hərbi mövcudluğunu gücləndirmək planları regionda yeni təhlükəsizlik mərhələsinin başlandığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, son məlumatlara görə, Iran ərazisindən buraxılmış və Türkiyə hava məkanına doğru istiqamətlənən raket NATO-nun raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Buna paralel olaraq, rəsmi Ankara “F-16” döyüş təyyarələrini Şimali Kipr Türk Cümhuriyyətinin ərazisində yerləşdirməsi Türkiyənin milli təhlükəsizlik maraqları çərçivəsində atılmış olduqca önəmli hərbi manevrlərdən biridir.

iran-savash-images.jpg (10 KB)

Məsələ ondadır ki, bu iki önəmli paralel proses yalnız taktiki hərbi addımların atılması demək deyil. Çünki bu, həm də Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarının geopolitik balansına təsir edə biləcək həlledici geostrateji dəyişikliklərin ilkin əlamətləri hesab olunur. Və NATO-nun raketdən müdafiə sistemlərinin ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi yaxın vaxtlarda daha ciddi təhlükələrin gözlənildiyindən xəbər verir.

Bu hərbi-siyasi alyansın Avropa Hərbi Komandanlığının məlumatına görə, İran tərəfindən buraxılan raketin Türkiyə istiqamətində hərəkət etdiyi müəyyən edildikdən sonra NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemi dərhal aktivləşdirilib. İrandan atılan raketin zərərsizləşdirilməsi nəticəsində potensial hərbi təhlükənin qarşısı alınıb. Və bu hadisənin əhəmiyyəti hazırda bir neçə aspektdə özünü göstərir.

Birincisi, bu hərbi insident NATO və İran arasında dolayısı da olsa, silahlı qarşıdurma riskinin artıq ciddi şəkildə artdığını göstərir. Çünki Türkiyə bu hərbi-siyasi alyansın kollektiv müdafiə sisteminin tərkibinə daxildir. Və ona görə də, Türkiyənin hava məkanına yönələn istənilən hərbi təhlükə NATO-nun təhlükəsizlik mexanizmlərini avtomatik olaraq, işə salır.

İkincisi, İranın törətdiyi bu yolverilməz hadisəyə verilən reaksiya NATO-nun Yaxın Şərqə yaxın regionlarda raketdən müdafiə imkanlarının real döyüş şəraitində tətbiq olunduğunu nümayiş etdirir. Bu isə yaxın gələcəkdə ətraf regionlarda yerləşdirilən radar və hava hücumundan müdafiə sistemlərinin təhlükəsizlik rolunun daha da artacağını göstərir.

b9d761ae-37b7-4443-9f00-f075fec605f6.jpg (211 KB)

Nəhayət, NATO-nun bu barədə son qərarı bu hərbi-siyasi alyansın savaş bölgəsinə yaxın regionlarda uzunmüddətli təhlükəsizlik tədbirlərini daha da genişləndirə biləcəyinə işarə edir. Xüsusilə də Türkiyə ərazisində yerləşən radar və raketdən müdafiə infrastrukturu artıq NATO-nun cənub cinahının əsas təhlükəsizlik mexanizmlərindən biri hesab olunur.

Təbii ki, NATO-nun belə qətiyyətli təhlükəsizlik addımlarına paralel olaraq, Türkiyənin Şimali Kipr planı və Şərqi Aralıq dənizində yeni hərbi balansın yaradılmasına xüsusi həssaslıq göstərməsi də böyük maraq doğurur. Son raket insidentindən sonra rəsmi Ankara regionda hərbi hazırlıq səviyyəsini artırmaq üçün əlavə addımlar atmaq qərarına gəlib. Və Türkiyə Müdafiə Nazirliyindəki mənbələrin rəsmi Ankaranın “F-16” qırıcılarını artıq Şimali Kipr ərazisində yerləşdirdiyini təsdiq ediblər.

Qətiyyən şübhə doğurmur ki, bu önəmli hərbi təhlükəsizlik addımının geostrateji məqsədləri də çoxşaxəlidir. Əvvəla, Şimali Kiprdə “F-16” qırıcılarının yerləşdirilməsi Türkiyəyə Şərqi Aralıq dənizində hava məkanına nəzarəti daha effektiv həyata keçirmək imkanı verə bilər. Və bu isə enerji marşrutlarının, eləcə də dəniz nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyi baxımından, böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, rəsmi Ankaranın belə bir geostrateji addımı həm də regional təhlükəsizlik mexanizmlərini gücləndirir. Çünki Yaxın Şərqdə İranın xaotik hərbi aktivliyinin artması Türkiyə üçün real təhlükə xarakteri daşıyır. Ona görə də, regionda hərbi təxribat xarakterli raket hücumlarına paralel olaraq, rəsmi Ankara Türkiyənin hava müdafiə imkanlarını daha geniş coğrafiyada yerləşdirməyə çalışır. Eyni zamanda, Şimali Kipr coğrafiyası Türkiyənin potensial hərbi əməliyyatları və regional hava məkanına tam nəzarəti üçün geniş imkanlar aça bilər.

2947e41c-7bde-4200-8561-df782de6ef6f.jpg (195 KB)

Göründüyü kimi, Yaxın Şərq böhranı tədricən Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik sisteminin aktivləşdirilməsinə ciddi ehtiyac yaradır. Çünki son baş verən hadisələr onu göstərir ki, Yaxın Şərqdəki hərbi qarşıdurma artıq yalnız regional münaqişə çərçivəsi ilə məhdudlaşmır. Hər halda, İranın xaotik raket hücumlarının intensivləşməsi və NATO-nun buna reaksiya qərarı verməsi mövcud hərbi böhranın daha geniş geopolitik areala yayılma ehtimalını da artırır.

Məsələ ondadır ki, İranın xaotik raket hücumlarının və regional hərbi aktivliyinin eyni intensivliklə davam edə biləcəyi qətiyyən istisna deyil. Ona görə də, NATO-nun cənub cinahında əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi qaçılmaz xarakter daşıyır. Və bu isə Türkiyənin alyans daxilində geostrateji rolunu birmənalı şəkildə daha da gücləndirə bilər.

Belə anlaşılır ki, İranın ardıcıl və xaotik istiqamətli son hərbi təxribatlarının törətdiyi geostrateji nəticələr NATO tərəfdən Türkiyə üzərində yalnız bir raketin zərərsizləşdirilməsi ilə məhdudlaşmır. Yəni, son hərbi insidentlər Yaxın Şərq böhranının artıq Şərqi Aralıq dənizi geopolitik arealına da təsir göstərməyə başladığı müşahidə olunur. Və bu regionun tədricən Türkiyə vasitəsilə NATO-nun təhlükəsizlik sisteminə daxil edilməkdə olduğu açıq-aşkar nəzərə çarpır.

“Yeni Müsavat”