NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentini (AP) ziyarət edib və AP Prezidentlərinin Konfransında iştirak edib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Stoltenberq İclasda AP sədri Roberta Metsola və 7 siyasi partiya qrupunun rəhbərləri ilə görüşüb.
Görüş zamanı NATO-nun baş katibi parlamentin Ukraynaya verdiyi güclü dəstəyi yüksək qiymətləndirib. Stoltenberq deyib ki, bu günə qədər NATO müttəfiqləri Ukraynaya ən azı 8 milyard dollar hərbi dəstək vəd edib və çatdırıblar.
Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciətini də yüksək qiymətləndirib.
“Finlandiya və İsveç, əlbəttə ki, NATO-ya üzv olmaq üçün müraciət edib-etməyəcəyinə qərar verəcəklər. Ancaq müraciət etmək qərarına gəlsələr, NATO Finlandiya və İsveçi məmnuniyyətlə qarşılayacaq. Finlandiya və İsveç bizim ən yaxın tərəfdaşlarımızdır. Güclü və yetkin demokratik ölkələrdir. Aİ üzvləridir. Biz bilirik ki, onların silahlı qüvvələri NATO standartlarına cavab verir. Ona görə də müraciət etsələr, müsbət qarşılanacaqlar. Müraciət prosesinin də sürətli olmasını gözləyirəm. Rəsmi proses başa çatdıqdan sonra onlar NATO-ya üzv ola biləcəklər”,- deyə Stoltenberq bildirib.
Metsola isə Ukraynadakı vəziyyətlə bağlı açıqlama verərək Ukraynanın da daha çox hərbi dəstəyə, mardi yardıma ehtiyacı olduğunu bildirib.
//Nəzərbəy, Editor.az

