NATO-nun 1-ci Daimi Dəniz Qrupu 1 (SNMG1) gəmiləri Baltik dənizinə daxil olub. Bu barədə Editor.az Estoniyanın ERR portalına istinadən xəbər verir.
Qrup beş gəmidən ibarətdir və ona Hollandiya Kral Donanmasının “De Zeven Provincien” freqatı rəhbərlik edir. Qalan gəmilərin də cümə günü Tallin limanının terminalına çatacağı gözlənilir. Qarşıya qoyulan əsas vəzifə Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə birgə təlimlər keçirməkdir. Belə ki, Şimali Atlantika hərbi ittifaqı müqavilə öhdəliklərinə uyğun olaraq müdafiə qabiliyyətini qorumaq üçün müntəzəm olaraq Baltik dənizində dəniz qüvvələrini yerləşdirir.
Artıq limanda olan üç freqat Norveçin beynəlxalq şimal sularından qayıdıb. Onlar orada “Soyuq cavab” adlı təlimdə iştirak ediblər. Mənbənin yazdığına görə, NATO gəmiləri ən azı daha bir həftə terminalda qalacaq və gələn həftə onları alyansın başqa dəniz qüvvələri qrupu əvəz edəcək. Xatırladaq ki, ABŞ Qara dənizin şimalında “Moskva” kreyseri ərazisində fəaliyyət göstərən Rusiya gəmilərinin Ukrayna sahillərindən daha da cənuba doğru irəlilədiyini müşahidə ediblər.

