“Burada heç bir yenilik yoxdur. Bu, ilk əməkdaşlıq proqramı deyil. NATO-nun Ukrayna ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyi tamamilə aydın idi. Moskva bu qarşılıqlı əlaqədən narahatdır”.
Editor.az xəbər verir ki, bu fikirləri NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Brüsseldəki qərargah binasında NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən NATO-Ukrayna Şurası toplantısında alınan qərarları dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov Alyansın hərəkətlərinin Rusiyanın təhlükəsizlik narahatlıqları baxımından təxribat xarakterli olduğunu da əlavə edib. NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuat konfransında danışan Stoltenberq, müttəfiqlərin və Ukraynanın illik əməkdaşlıq proqramına razılaşdıqlarını və islahatlarla bağlı Ukraynaya məsləhətlər verdiklərini açıqlayıb. Stoltenberq deyib ki, bu qərarlara Kiyevlə enerji təhlükəsizliyi, innovasiya və qarşılıqlı fəaliyyət, habelə Ukraynada islahatlar, o cümlədən korrupsiya ilə mübarizə, qanunun aliliyi prinsiplərinin gücləndirilməsi, insan hüquqları və azlıqların hüquqlarının dəstəklənməsi üzrə əməkdaşlıq daxildir.
//Gülnarə Abasova, Editor.az

