NATO-nun baş katibi Mark Rutte Donald Trampa xəbərdarlıq edib ki, əgər Ukrayna Rusiya ilə müharibəni dayandırmaq üçün güzəştə getməyə məcbur edilərsə, ABŞ Çin, İran və Şimali Koreyadan “qorxulu təhlükə” ilə üzləşəcək. “Financial Times” qəzetinə müsahibəsində Rutte vurğulayıb ki, Ukraynanın Rusiya ilə danışıqlarda “yaxşı razılaşmaya” ehtiyacı var.
Onun sözlərinə görə, Ukraynanı əlverişsiz sülhə məcbur etmək yalnız Qərbin düşmənlərini “sevindirəcək” və öz hücumlarını planlaşdırmağa başlayacaq. “Biz imkan verə bilmərik ki, [Şimali Koreya lideri] Kim Çen In və Rusiya lideri, Si Cinpin və İran razı qalsınlar, çünki bu, uzunmüddətli perspektivdə təkcə Avropa üçün deyil, həm də ABŞ üçün ciddi təhlükəsizlik təhdididir”, – Rutte bildirib.
O, əlavə edib ki, Rusiya, Çin, Şimali Koreya və İran arasında dərin hərbi və iqtisadi əlaqələr mövcuddur və qarşılıqlı silah və pul tədarükü Ukrayna və Yaxın Şərqdə müharibələri qızışdırır. “İran, Şimali Koreya, Çin və Rusiyanın bir-biri ilə bu qədər sıx işləməsi…o deməkdir ki, dünyanın münaqişələr olan və siyasətçilərin idarə etməli olduğu bu müxtəlif hissələri getdikcə daha çox bağlı olur” – Rutte deyib. Və bundan nə çıxacağını çox yaxından izləyən Si Cinpin var – deyə o, Rusiyanın Ukraynanın böyük bir hissəsini ələ keçirməsinə icazə veriləcəyi təqdirdə Çin liderinin Tayvana qarşı daha cəsarətli ola biləcəyi qorxusuna işarə edib. O, həmçinin əlavə edib ki, mümkün sülh danışıqları öncəsi Ukrayna prezidenti Vladimir Zelenskiyə hərbi dəstəyin artırılması Ukraynaya NATO üzvlüyünün nə vaxt təklif oluna biləcəyini müzakirə etməkdən daha vacibdir.
Rutte deyib: “İndi ən vacib şey Zelenski sülh danışıqlarına başlamaq qərarına gəldikdə, onun güclü mövqedən bunu edə biləcəyinə əmin olmaqdır. Mənim üçün bu, indi bir nömrəli prioritetdir.”
//Samir Qurbanov, Editor.az