ABŞ prezidenti Donald Tramp iyulun 10-da NATO-nun baş katibi Mark Rutteyə Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə artırmaq niyyəti barədə məlumat verib.
Editor.az xəbər verir ki, Rutte bunu Fox News-a müsahibəsində deyib.
NATO baş katibinin sözlərinə görə, Ağ Ev prezidenti cümə axşamı ona zəng edərək bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü əhəmiyyətli dərəcədə artırmaq istəyir.
Rutte iyulun 15-də Şimali Atlantika Müqaviləsi Təşkilatı ölkələri vasitəsilə Ukraynaya çatdırılacaq Amerika silahlarının dərhal döyüşdə istifadə edilməsinin nəzərdə tutulduğunu bildirmişdi.
Qeyd edək ki, bir gün əvvəl Tramp ABŞ və Avropa İttifaqının Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Müqaviləyə əsasən, ABŞ silahları istehsal edəcək, Avropa isə maliyyə dəstəyi verəcək. Təchizat Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Amerikanın alyansdakı nümayəndəsi Metyu Uitaker tərəfindən əlaqələndiriləcək.
//Gülnarə Abasova, Editor.az

