“Müharibəni çox qısa müddətdə başa vuraraq Ukraynanı özünə tabe edəcəyini düşünən Rusiya getdikcə daha ciddi problemlərlə üzləşməkdədir. Məhz buna görədir ki, artıq kütləvi informasiya vasitələrində Rusiyanın B planına keçməsi haqqında məlumat verilir”.
Bu sözləri Editor.az–a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.
Politoloq bildirib ki, Rusiyanın Kiyev və onun ətrafını işğal edərək müharibəni bitirmək planı baş tutmadı:
“İndi rus qoşunlarının Çerniqov və Kiyevdən çıxarıldığını müşahidə edirik. Amma eyni zamanda, müharibənin 40-cı günündə döyüşlər daha da qızışır. Rusiya indi Krımla sərhəddə yerləşən Ukrayna torpaqlarını- Luqansk, Donetski tam ələ keçirib orada nəzarətini gücləndirməyə çalışır. Döyüşlərin getdikcə daha şiddətli xarakter alacağı proqnozlaşdırılır. Belə vəziyyətdə NATO-nun Ukraynaya münasibəti ciddi tənqidə məruz qalır. Çünki Ukraynanın Alyansa qoşulmaq istəyinin Rusiyanın hücumu ilə əlaqədar olduğunu nəzərə aldıqda NATO-nun çəkilib kənarda durması məntiqlə qarşılanmır. Əslində NATO üzvləri Ukraynanı öz sıralarına qəbul edə biləcəklərini bildirsələr də bu məsələnin tez-tələsik həyata keçiriləcəyinə heç vaxt söz verməmişdilər. Məlum olduğu kimi bu hərbi bloka qəbul olunmaq üçün ciddi hazırlaşmaq lazımdır və hərbi qüvvələrin standartlara uyğunlaşması tələb olunur. Ukrayna isə bu tələblərə hələ cavab vermir. Digər tərəfdən NATO heç vaxt müharibə aparan və ya müharibə vəziyyətində olan ölkələri sıralarına qəbul etməyib. Onun siyasi qanadı birmənalı olaraq bu məsələni rədd edir. NATO-nun üzvü olan dövlətlər də Rusiya ilə birbaşa müharibədən çəkinərək Ukraynanı öz sıralarında görmək istəmirlər. Amma NATO üzvü olan dövlətlər başda ABŞ olmaqla, Rusiya ilə qarşıdurmada Ukraynaya mümkün hesab etdikləri bütün yardımları edirlər. Bu gün Ukrayna ordusu rus hərbçiləri qarşısında 40 gün davam gətirə bilibsə, bu həm də NATO ölkələrinin yardımı nəticəsində mümkün olub. NATO-nun müharibə şəraitində olan Ukraynanı öz sıralarına qəbul etmə ehtimalı yoxdur. Bunu Ukrayna hökuməti də yaxşı anlayır”.
//Gülnarə Abasova, Editor.az

