NATO Rusiyaya bitişik dənizlərdə mövcudluğunu artırır. Bunu avqustun 16-da Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, hazırda “Prezidentin köməkçisi”, eyni zamanda Rusiya Federasiyası Dəniz Kollegiyasının rəhbəri vəzifəsini tutan Nikolay Patruşev “İzvestiya”ya müsahibəsində deyib.
O şikayət edib ki, “Qərb bu məqsədlə yeni yaradılmış NATO ölkələrindən – İsveç və Finlandiyadan istifadə edərək, Rusiyanı Baltik dənizinə çıxışdan məhrum etməyə, onu Alyansın “daxili dənizinə” çevirməyə çalışır”.
Patruşev iddia edir ki, “Qərblilər Qara dənizdə də Rusiyanı buxovlamaq strategiyasını fəal şəkildə həyata keçirirlər”. “Rusiya Federasiyası Prezidentinin köməkçisi” NATO ölkələrini Montrö Konvensiyasını pozmaqda ittiham edib – guya “NATO üzvləri Qara dənizdə mövcudluğunu artırmağa hazırlaşır”. Montrö Konvensiyasında göstərilir ki, müharibə baş verərsə, Türkiyə bunda iştirak etməsə, Qara dənizə gedən Bosfor və Çanaqqala boğazlarını hərbi gəmilərin üzünə bağlayacaq. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Ankaranın etdiyi də məhz budur. Lakin Patruşev Montrö Konvensiyası ilə bağlı iddialarını dəqiqləşdirməyib.
//Samir Qurbanov, Editor.az