NATO Rusiyanın bütün qərb sərhədlərini mühasirəyə alır- Rusiya bundan sonra hansı ADDIM ATACAQ?backend

NATO Rusiyanın bütün qərb sərhədlərini mühasirəyə alır- Rusiya bundan sonra hansı ADDIM ATACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsveç və Finlandiyanın NATO-ya üzvlük qərarı verməsi birmənalı şəkildə Ukrayna savaşı ilə bağlıdır. Bu iki ölkə məhz Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamasından sonra yaxın gələcək ilə bağlı narahatlıq keçirtməyə başladılar. Ona görə də, ehtimal olunan gələcək Rusiya aqressiyasından sığortalanmaq üçün NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmağı ən optimal müdafiə variant hesab etdilər. Təbii ki, Rusiya bundan qətiyyən məmnun deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi bildirib ki, Kreml İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü Rusiyanın təhlükəsizlik maraqlarına birbaşa və açıq təhdid hesab edir:

” Çünki Rusiyanın qərb sərhədləri NATO bazaları ilə mühasirəyə alınıb. Yalnız İsveç və Finlandiya olan sərhəd bölgəsində NATO bazaları mövcud deyil. İndisə, NATO Rusiyanın bütün qərb sərhədlərini mühasirəyə alaraq, şimal qütbünə qədər qapatmaq şansı qazanıb. Üstəlik, İsveç və Finlandiyada NATO bazaları yaradılarsa, bu, həm də Rusiyanın Sankt-Peterburq da daxil olmaqla, bəzi nəhəng şimal şəhərləri Şimali Atlantika Alyansının “ovcunun içi”nə düşməklə, real təhlükə qarşısında qalmış olacaq. Ona görə də, Rusiyanın açıq təhdidləri ilə üzləşən İsveç və Finlandiyanın hazırda ciddi narahatlıq keçirtməsi tamamilə başadüşüləndir. Çünki Kreml indiyə qədər hər iki ölkəyə qarşı şərtləri olan Türkiyənin NATO-da veto hüququndan istifadə edərək Rusiyanın bu problemini müvəqqəti də olsa təxirə sala biləcəyinə ümid bəsləyirdi. Ancaq Türkiyə, İsveç və Finlandiyanın imzalandığı üçtərəfli anlaşmadan sonra Kremlin ümidləri də puça çıxdı. İndi Kreml Rusiyanın bu problemini özü təkbaşına həll etmək barədə düşünmək məcburiyyətindədir. İsveç və Finlandiyanı da hazırda qorxudan ən ciddi məqam da məhz budur”.

E. Xalidbeylinin sözlərinə görə, Rusiyanın nə vaxt, hansı addımı atacağını proqnozlaşdırmaq o qədər də asan deyil:

” Digər tərəfdən, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü qərarlaşdırılsa da, bu prosesin nə vaxt yekunlaşacağı hələlik məlum deyil. Bu proses müəyyən prosedurlardan keçməli olduğundan, üstəlik, Türkiyənin şərtlərini yerinə yetirmək lazım olduğundan hələ uzun müddər davam edə bilər. Çünki rəsmi Ankaranın şərtləri ilə bağlı öhdəliklər yerinə yetirilənə qədər Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyəcək. Yəni, NATO-ya üzvlük proseduruna görə, bu məsələ hələ də rəsmi Ankaradan asılı vəziyyətdədir.
Təbii ki, belə vəziyyətdə İsveç və Finlandiya özünün Rusiya təhlükəsindən tam xilas olmuş kimi hiss edə bilməyəcək. Ona görə də, hər iki hələlik maksimum səviyyədə ehtiyatlı davranmağa çalışırlar. Öz ərazilərində NATO bazalarının yerləşdirilməsinə ehtiyac olmadığını bəyan etməklə, Rusiyanı mümkün qədər arxayınlaşdırmağa çalışırlar. Halbuki, Kremldə də tam dəqiqliyi ilə bilirlər ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü rəsmiləşdikdən sonra Şimali Atlantika Alyansı bu ölkələrin ərazisində öz hərbi bazalarını mütləq yerləşdirəcək. İsveç və Finlandiya buna etiraz etməyəcək. Hətta bu ölkələr etiraz etsələr belə, NATO əhəmiyyət verməyəcək. Ona görə də, İsveç və Finlandiyadan verilən son ehtiyatlı bəyanatları bu ölkələrin NATO üzvlüyü niyyətindən imtinaya hazırlaşması kimi yozmaq doğru olmazdı. Bu ölkələr NATO-ya mütləq üzv olacaqlar. Rusiya buna əngəl törətmək və ya hər hansı aqressiv radikal addımlar atmaq niyyətinə düşsə, NATO buna dərhal reaksiya verəcək. NATO-nun Madrid sammitində Rusiyanı əsas təhlükə mənbəyi elan olunması ilə bağlı yeni strategiyanın məzmunu da bunu təsdiqləyir.
Halbuki, Ukrayna savaşı və beynəlxalq sanksiyalar ucbatından ciddi şəkildə zəifləməkdə olan Rusiyanın İsveç və Finlandiyaya qarşı hərbi müdaxilə üçün yetərli resurslarının ola biləcəyi də qətiyyən inandırıcı görünmür. Hər halda, Rusiyanın NATO ilə birbaşa hərbi toqquşma vəd edən addımlara cəsarət edəcəyi hazırda o qədər də inandırıcı deyil”.

//Gülnarə Abasova, Editor.az