NATO Türkiyənin Adana şəhərində yerləşən İncirlik Hava Bazası ərazisinə əlavə “Patriot” raketdən müdafiə sisteminin yerləşdirilməsini planlaşdırır.
Editor.az xəbər verir ki, hazırda bu hərbi bazada ABŞ, Qətər, İspaniya, Polşa və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri xidmət göstərir. Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, NATO-nun ikinci ən böyük ordusuna malik olan və İranla həmsərhəd olan Türkiyə son dövrlərdə artan raket təhdidlərinə qarşı müdafiə tədbirlərini gücləndirir. Bu çərçivədə ötən həftə ölkənin cənub-şərqində yerləşən Malatya vilayətində, NATO radar bazasının yaxınlığında “Patriot” sistemlərinin yerləşdirildiyi elan olunub.
Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, hava məkanının və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə görülən milli tədbirlərlə yanaşı, Adanaya daha bir “Patriot” sistemi göndəriləcək. Bu sistem hazırda həmin ərazidə yerləşdirilmiş İspaniyaya məxsus “Patriot” kompleksinə əlavə olaraq fəaliyyət göstərəcək və Almaniyanın Ramştayn şəhərində yerləşən Birgə Hava Komandanlığına tabe olacaq.
//Gülnarə Abasova, Editor.az

