“Ukraynanın NATO-ya üzv olacağı ilə bağlı söz-söhbətlər uzun zamandır geniş müzakirə mövzusudur. Fikrimcə, bu mövzu əsrimizin ən böyük yalanlarından biridir və illüziyadan başqa bir şey deyil”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, NATO yekcins alyans deyil və bu blokda biri digəri ilə daban-dabana zidd siyasət aparan ölkələr mövcuddur:
“Ukrayna Rusiya ilə üç ilə yaxındır ki, qanlı və ölümcül müharibə aparır. Ukraynanın NATO-ya daxil edilməsi o deməkdir ki, Şimal ittifaqı Rusiya ilə topyekun savaşa girəcək, bu isə real və mümkün deyil. Çünki NATO-ya üzv olan bir sıra ölkələr var ki, onların Rusiya ilə problemləri yoxdur, digər qism ölkələr var ki, onlarda Ukrayna üçün əsla Rusiya ilə savaşmaq istəməzlər. NATO Ukrayna səbəbindən Rusiya ilə savaşsa, bu hərbi-siyasi təşkilatın özünü parçalanma gözləyir.
Onsuz da NATO-nun beyin ölümü keçirdiyini, zamanının keçdiyini üzv dövlətlərin liderləri dəfələrlə vurğulayıblar. Dünya yeni hərbi-siyasi və iqtisadi ittifaqlara meyilləndiyi bir zamanda köhnə alyanslara yeni görkəm və nəfəs vermək mümkün olmayacaq. Başda Slovakiya olmaqla, NATO-ya daxil olan Şərqi Avropa ölkələrinin Ukraynanın bu təşkilata üzv olmasına şiddətlə qarşı çıxmalarının əsas səbəbi isə belə bir ehtimalda rus hərb maşınının ilk hədəfi olacaqlarından ehtiyat etmələridir. Xüsusilə diqqətdə saxlamaqda fayda var ki, ABŞ-da seçkilərin nəticələri NATO-nun bundan sonrakı taleyinə aydınlıq gətirəcək.
NATO-un parçalanması və ya ləğv edilməsi, sözsüz ki, Qitə Avropasını Rusiya qarşısında tamamilə müdafiəsiz qoyacaq. Belə bir ehtimalda yeni bir qlobal hərbi ittifaq yaranacaqmı? Bunu da zaman göstərəcək”.
//Gülnarə Abasova, Editor.az