Naxçıvanda jurnalistikaya həsr olunan konfrans keçirildi – FOTOLAR + VİDEObackend

Naxçıvanda jurnalistikaya həsr olunan konfrans keçirildi – FOTOLAR + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Ekspert Mərkəzi(JEM) Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsi çərçivəsində konfrans keçirib.

Layihə rəhbəri, JEM sədri Ceyhun Musaoğlunun moderatorluğu ilə Naxçıvan Dövlət Universitetində(NDU) keçirilən konfransda Bakını və muxtar respublikanı təmsil edən alimlər jurnalistikanın tarixi mərhələləri üzrə mühazirələr deyiblər. İctimaiyyət nümayəndələrinin – yerli elm adamlarının, müəllimlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti institutu təmsilçilərinin, o cümlədən tələbələrin iştirakı ilə gerçəkləşən tədbirdə “Azərbaycan jurnalistikasının hazırlıq dövrü” – (1875-ci ilə qədərki dövr); “Azərbaycan milli mətbuatının, jurnalistika sisteminin yaranması və formalaşması dövrü” – (1875-1917-ci illər); “AXC dövrünün mətbuatı” – (1918-1920-ci illər); “Sovet dövrü Azərbaycan jurnalistikası” – (1920-1991-ci illər); “Müasir Azərbaycan jurnalistikası” – (1991-ci ildən başlayan və davam edən dövr), “Sosial şəbəkələrin peşəkar mediaya mənfi və müsbət təsirləri” mövzularında söylənilən mühazirələr ətrafında geniş müzakirələr aparılıb.

Giriş nitqi ilə çıxış edən NDU-nun prorektoru Arzu Abdullayev ali təhsil ocağında keçirilən bu kimi görüşlərin tələbələrin bilik və bacarıqlarının artmasında, dünyagörüşlərinin genişlənməsində böyük təsirə malik olduğunu söyləyib. Prorektor onu da xüsusilə vurğulayıb ki, bu konfrans jurnalistikanın dünəni, bu günü, gələcəyi mövzusunda təsirli nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində nəşr olunan “Fövqündə” adlı kitab konfrans iştirakçılarına hədiyyə verilib. Peşənin tarixi aspektlərini özündə birləşdirən sənədli-bədii filmin ssenarisindən ibarət kitaba seçilən adın jurnalistikanın mahiyyətinə uyğun olduğunu bildirən JEM sədri deyib ki, jurnalist hadisələrin fövqündə dayananda yaşananları aydın görə və peşəkarlıqla göstərə bilir Konfransada filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva, NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyevanın tarixi aspektləri özündə əks etdirməklə yanaşı mühazirələrində səsləndirdikləri məntiqi əsaslandırmalar auditoriya tərəfindən maraqla qarşılanıb.

Qonaqlar iştirakçıların suallarını cavablandıraraq, jurnalistikanın inkişafı istiqamətində peşəkarlığın, xalqa sevginin, dövlətə sədaqətin əsas meyar seçilməsinin daha doğru yanaşma olduğunu diqqətə çatdırıblar. Müzakirələr çay-kofe süfrəsi arxasında da davam etdirilib. Tədbirdə söylənilən mühazirələr, səsləndirilən fikirlər təkliflər paketi formatında hazırlanaraq müvafiq qurumlara təqdim olunacaq. Kitabın digər qismi 3 ay müddətində icra olunacaq layihə çərçivəsində redaksiyalara, tələbələrə veriləcək. “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsinin məqsədi medianın dövlət maraqlarını əsas tutaraq yeni dünya standartlarına uyğun inkişafına təkan olmaq, təmsil olunduqları peşəyə bağlılığın möhkəmləndirilməsinin vacibliyi ilə bağlı gənc jurnalistlərə mesaj vermək, onları daha peşəkar fəaliyyətə həvəsləndirmək, jurnalistikanın vizual mənzərəsinin yaradılması istiqamətində film sənayesinə dəstək göstərməkdir.

 

 

JEM Mətbuat Xidməti