Naxçıvanın təhsil naziri əvəzi “odla oynayır” – Bakının qərarının heçə sayılması…backend

Naxçıvanın təhsil naziri əvəzi “odla oynayır” – Bakının qərarının heçə sayılması…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylar Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunduğundan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqlı olaraq keçirilən tender müsabiqələrinin nəticələri ləğv edilib.

Babək rayon Hacıvar kənd tam orta məktəbi binasının tikilməsi ilə bağlı keçirilən tender müsabiqəsi də nəticəsi ləğv edilənlər sırasındadır.

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən faktı təsidləyiblər.

Dövlət Xidmətindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası Babək rayonu Hacıvar kənd 456 şagird yerlik tam orta məktəbin tikintisi işləri”nin satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsinə dair Dövlət Xidmətinə təqdim olunmuş yekun protokol 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli Qanununa əsasən təhlil edilərkən prosedur pozuntuları aşkar edildiyindən sözü gedən müsabiqənin nəticəsinin ləğv olunması məqsədə müvafiq hesab edilib.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, bu işin yerinə yetirilməsi üçün daha aşağı qiymət təklifi verən şirkətlərin olmasına baxmayaraq, Təhsil Nazirliyi ən yüksək qiymət təklifi verən şirkəti – “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Bu məktəb bunasının tikintisini 3 milyon 100 min, 3 milyon 300 min, 3 milyon 700 min manata həyata keçirməyi öhdəsinə götürən şirkətlər tender müsabiqəsində iştirak ediblər. Ancaq Təhsil Nazirliyi 4 milyon 472 min manat qiymət təklifi verən şirkəti seçib. Halbuki tenderin keçirilməsində məqsəd daha keyfiyyətli iş görən, daha aşağı qiymət təklifi verən şirkətlərin müəyyənləşdirilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasıdır. Naxçıvanın Təhsil Nazirliyi üçün deyəsən dövlətin deyil, kimlərinsə şəxsi maraqları daha önəmli imiş. Əks təqdirdə belə bir mənzərə ortaya çıxmaz, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müsabiqənin nəticəsini ləğv etməzdi.

Nazirlik bu deyilənlərlə razılaşmırsa, buyursun, tender müsabiqəsində iştirak edən şirkətlərin adlarını, onların təklif etdiyi qiymətləri açıqlasın.

Hələ bu harasıdır. İddialara görə, Naxçıvanın Təhsil Nazirliyi “Burda mənəm, Bağdadda kor xəlifə” düşüncəsi ilə Bakının qərarını heçə sayaraq qalib elan etdiyi şirkətlə müqavilə bağlamaq istəyir. Bu isə qanun pozuntusudur. “Dövlət satınalmaları haqqında” Qanunun 14-cü maddəsində Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən nəzarət orqanının səlahiyyətləri öz əksini tapıb. Bu səlahiyyətlər Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verilib. Dövlət Xidmətinin Əsasnaməsində qeyd olunub ki, qurum maliyyə vəsaiti hesabına satınalma predmetinin satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsində iştirak edir, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasının qüvvədə olan qanunları bu sahədə yekun söz demək səlahiyyətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verir. Naxçıvanın Təhsil Nazirliyinin Dövlət Xidmətinin qərarını heçə saymasının, özünün qalib elan etdiyi şirkətlə müqavilə bağlamasının bir adı var – özbaşınalıq. Xatırladırıq ki, Naxçıvanın sabiq rəhbəri Vasif Talıbov belə özbaşınalıqlarına görə, cəzalandırıldı.

Əgər bu iddialar doğrudursa, deməli, nazir əvəzi Elxan Nəcəfov “odla oynayır”. Azərbaycan dövlətinin bu sahəyə cavabdeh orqanının qərarını bir kənara qoyub, öz bildiyini etməyi dövlət heç kimə bağışlamaz.

Bəs qalib elan olunmuş şirkətin tikinti təcrübəsi varmı? Təhsil Nazirliyinin keçirdiyi satınalma müsabiqəsinin nəticələrindən hansı şirkətlər şikayət edib? Müsabiqədə hansı prosedur pozuntularına yol verilib? Bu suallara növbəti yazıda cavab axtarmağa çalışacağıq.