Nazir: Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıqbackend

Nazir: Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının prioritet istiqamətlərindən biridir.

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir.

“Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib.

Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən, regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək, biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq.

Göstərilən hərbi dəstəyə əlavə olaraq, Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin, müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir”.

Zakir Həsənovun sözlərinə görə, 2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib.

“Hazırda da NATO qərargahlarında 8 zabitimiz xidmət edir. Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir”.

//Editor.az