Nazirin rəis qohumu deputatlığa hazırlaşır-İDDİAbackend

Nazirin rəis qohumu deputatlığa hazırlaşır-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Siyahıda bir sıra ciddi dəyişikliklər qeydə alınıb. Siyahının təhlili göstərir ki, hakim partiya əksər dairələrdə çox güclü namizədlərlə seçkilərə qatılsa da, bəzi yerlərdə bitərəf qaydada seçkilərə qatılacaq şəxsləri dəstəkləmək üçün bir qədər zəif namizədlərlə çıxış edib.

Bu məqam isə deputat olmaq istəyən bir sıra şəxsləri ciddi şəkildə həvəsləndirib. Editor.az-a bu xüsusda olduqca maraqlı məlumat daxil olub. İddialara görə, Lənkəran- Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə seçkilərdə namizəd olmağa qərar verib. Gənc rəisin 77 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd olacağı ehtimal edilir. T.Babazadənin parlamentdə təmsil olunmaq üçün bütün əlaqələrini işə saldığı bildirilir.

Məlumata görə, YAP qeyd olunan dairədən “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyevi namizəd göstərib. Onun seçkilərdə uğur qazanmayacağı ehtimal edilir.

Qeyd edək ki, Lənkəran- Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Gənclər və idman nazirinin xalası nəvəsidir. Nazirin yaxın qohumunu yüksək vəzifəyə təyin etməsi media və sosial şəbəkələrdə ciddi narazılıq doğurmuşdu.

//Editor.az