qlobal enerji bazarında gərginlik kritik həddə çatıb və ABŞ prezidenti Donald Trump tərəfindən İrana verilmiş ultimatumun bu gün yerli vaxtla saat 20:00 radələrində başa çatması vəziyyəti daha da təhlükəli mərhələyə keçirir. Trampın sosial media hesabında səsləndirdiyi “bu gecə bir sivilizasiya məhv ola bilər” məzmunlu açıqlama artıq təkcə siyasi ritorika kimi deyil, real hərbi ssenarinin anonsu kimi qiymətləndirilir və bu fonunda dünya bazarlarında ciddi dalğalanmalar müşahidə olunur.
Hazırda neftin qiyməti artıq 100 dollar həddini keçib və analitiklər hesab edir ki, mümkün hərbi əməliyyatların başlanması qiymətlərin sürətlə daha yüksək səviyyələrə qalxmasına səbəb olacaq. Xüsusilə diqqət mərkəzində olan əsas risk faktoru Hörmüz boğazıdır. Qlobal neft daşımalarının təxminən üçdə biri məhz bu dar su yolundan keçdiyi üçün onun bağlanması dünya enerji sisteminin iflici deməkdir.
Ekspertlərin fikrincə, əgər ABŞ-ın İrana qarşı mümkün bombardmanı baş verərsə və bunun ardınca Tehran Hörmüz boğazını tam bağlamaq qərarı verərsə, bu halda Körfəz ölkələrinin onsuz da dayanmış ixracı uzunvədəli duracaq, tanker daşımaları sıfırlanacaq və bazarda kəskin panika yaranacaq. Hazırda İran dost ölkələrin tankerlərini buraxır: amma “qiyamət” ssenarisində bu, olmayacaq. Belə bir ssenari artıq neftin 150 dolları keçməsini qaçılmaz edir, lakin böhranın uzanması halında qiymətlərin 200 dollara qədər yüksəlməsi real ehtimal kimi dəyərləndirilir.
Mütəxəssislər bildirirlər ki, bu, yalnız enerji sektoruna aid məsələ deyil. Neftin qiymətinin bu həddə çatması qlobal inflyasiyanı sürətləndirəcək, Avropa və Asiyada enerji böhranını dərinləşdirəcək, nəqliyyat və istehsal xərclərini artıracaq və nəticədə qida qiymətlərinə qədər geniş təsir göstərəcək. Başqa sözlə, bu axşam baş verə biləcək hadisələr təkcə Yaxın Şərqin deyil, bütün dünyanın iqtisadi gələcəyinə birbaşa təsir edə bilər.
Hazırda beynəlxalq ictimaiyyət diqqətlə bu axşam saatlarını gözləyir. Trampın ultimatumunun bitməsi ilə atılacaq addımların qlobal enerji bazarında tarixi dönüş nöqtəsi olacağı istisna edilmir.
Musavat.com

