Neft, müharibə və çöküş: Yeni dünya böhranı başlayıbbackend

Neft, müharibə və çöküş: Yeni dünya böhranı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçməsi artıq təkcə regional təhlükəsizlik məsələsi kimi deyil, qlobal iqtisadi və siyasi sistem üçün ciddi sınaq kimi qiymətləndirilir. Münaqişənin coğrafiyasının genişlənməsi, enerji bazarlarına birbaşa təsir və böyük güclərin açıq qarşıdurmaya yaxınlaşması fonunda proseslər nəzarətdən çıxmaq riski ilə üz-üzədir. Ekspertlər hesab edir ki, hazırkı dinamika yalnız lokal müharibə ssenarisi ilə məhdudlaşmır, əksinə, dünya nizamını dəyişdirə biləcək daha geniş geosiyasi transformasiyanın başlanğıcı ola bilər.

Politoloq Turab Rzayev Editor.az-a açıqlamasında bildirib ki, müharibənin arealı sürətlə genişlənir və hazırda bu prosesin qarşısını ala biləcək real mexanizmlər görünmür:

“Proseslərin bu istiqamətdə inkişafı bir neçə əsas amillə bağlıdır. Bir tərəfdən, Donald Trump İran bataqlığına daxil olub və mövcud şəraitdə buradan çıxış yolu görünmür. Çünki İran münaqişəni bitirmək niyyətində deyil. Bu isə Trampı daha sərt addımlar atmağa, müharibəni genişləndirməyə və Tehrana daha böyük güzəştlər qəbul etdirməyə məcbur edir. Hətta məqsədin İranda hakimiyyət dəyişikliyinə qədər uzanması ehtimalı da istisna edilmir.

Bu kontekstdə bölgəyə fasiləsiz şəkildə yeni hərbi qüvvələr yerləşdirilir. Artıq ABŞ-ın regiona əlavə aviadaşıyıcı qrupları, hərbi gəmilər və canlı qüvvə göndərdiyi müşahidə olunur. Ümumilikdə, Yaxın Şərqdə yerləşən ABŞ hərbçilərinin sayının 40–50 mini keçdiyi bildirilir. Belə bir şəraitdə münaqişənin daha da dərinləşməsi ehtimalı kifayət qədər yüksəkdir”.

Politoloq əlavə edib ki, hərbi eskalasiya paralel olaraq qlobal iqtisadiyyata da ciddi təsir göstərir:

“Tramp administrasiyasının atdığı addımlar dünya iqtisadiyyatında ciddi sarsıntılara yol açır. Neftin qiyməti artıq 200 dollara yaxınlaşır, enerji daşıyıcılarının qiyməti kəskin şəkildə artır. Bir sıra ölkələrdə, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda dizel və digər enerji məhsullarının bahalaşması müşahidə olunur. Məsələn, Filippin ilk dəfə enerji defoltu ilə üzləşdiyini açıqlayıb.

Bütün bunlar göstərir ki, dünya həm iqtisadi, həm də siyasi baxımdan daha böyük böhran mərhələsinə daxil ola bilər. Artıq ABŞ rəsmiləri də münaqişənin uzunmüddətli olacağını istisna etmirlər. Mossad tərəfindən səsləndirilən proqnozlara görə, müharibə ən azı bir il davam edə bilər. ABŞ vitse-prezidenti isə bu müddətin bir ildən iki ilə qədər uzana biləcəyini qeyd edib. Bu isə əvvəl səsləndirilən “bir neçə gün” və ya “bir neçə həftə” ssenarilərindən tamamilə fərqlənir”.

Ekspert vurğulayıb ki, vəziyyət təkcə Hörmüz boğazı ilə məhdudlaşmır:

“Əsas problem enerji infrastrukturlarının hədəfə alınmasıdır. ABŞ və xüsusilə İsrail İranın neft və qaz yataqlarını vurur. Buna cavab olaraq İran isə Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının enerji obyektlərini və neft tankerlərini hədəfə alır.

Nəticədə, onsuz da müharibə səbəbindən bahalaşan enerji məhsulları daha da bahalaşır. Eyni zamanda istehsal həcminin azalması və təhlükəsizlik risklərinin artması bazarda ciddi qeyri-sabitlik yaradır. Qarşılıqlı təhdidlər – İranın ABŞ və müttəfiqlərinin enerji sektoruna zərbə vurmaq imkanları, eləcə də körfəz ölkələrinin cavab potensialı – artıq qiymətlərin artmasına və qlobal iqtisadiyyatın daha dalğalı fazaya keçməsinə səbəb olur.

Artıq bəzi ölkələrdə bu proseslərin ilkin nəticələri hiss olunur. Məsələn, Qətər qaz ixrac potensialının təxminən 17 faizini uzunmüddətli perspektivdə itirib. Digər ölkələrdə də oxşar tendensiyalar müşahidə olunur. Bu, qlobal geosiyasi mənzərənin köklü şəkildə dəyişməsi deməkdir. Nəticə etibarilə, mövcud körfəz böhranı yeni enerji və siyasi blokların formalaşmasına gətirib çıxara bilər”.

//Gülnarə Abasova, Editor.az