“Neftdən yalnız yanacaq kimi istifadə edilmir, eyni zamanda minlərlə məhsul əldə etmək mümkündür”-AÇIQLAMAbackend

“Neftdən yalnız yanacaq kimi istifadə edilmir, eyni zamanda minlərlə məhsul əldə etmək mümkündür”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz indi bir neçə ölkə ilə enerji sahəsində danışıqlara başlamışıq. O ölkələr ki, əvvəllər bizim tərəfdaşlarımız deyildi”.

Xəbər verdiyimiz kimi, bu barədə prezident İlham Əliyev yanvarın 10-da telekanallara müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə yaranan yeni vəziyyət Azərbaycan qazına tələbatı kəskin artırıb.

«Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var…”

Mövzunu Editor.az-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Prezidentin sözlərinə görə, biz neft-qaz resurslarımızı siyasi alət kimi istifadə etmirik:

“Avropanın Azərbaycan qazına ehtiyacının olması nəticədə ölkəmizin nüfuzunu artıran vasitəyə çevrilib. Bizim siyasətimiz ayrı, iqtisadi davranışlarımız ayrıdır. Amma geosiyasi vəhdətdə olduğumuz üçün siyasət və iqtisadiyyat da qarşılıqlıdır. Azərbaycan kifayət qədər qaz ehtiyatına malikdir. 2.6 trilyon m³ təsdiqlənmiş qaz ehtiyatıdır. Texnoloji vasitələr inkişaf etdikcə qaz ehtiyatımızın daha çox olduğunu görəcəyik. 100 ildən daha da artıq müddətdə ölkəmizin bu ehtiyatlardan istifadə etmək imkanı olacaq. Bu da Azərbaycana həm bu gün, həm də gələcəkdə əlavə valyuta daxil olmasına, eyni zamanda neft-qaz sənayesinin və sənayenin digər sahələrinin yaradılmasına  imkan verəcək”.

Ekspert qeyd edir ki, dünya dəyişdikcə, texnologiya inkişaf etdikcə, artıq neftdən yalnız yanacaq kimi deyil, minlərlə məhsul əldə etmək mümkün olur:

“Gün gələcək neftdən hazırlanmış məhsulların sayı on minlərə çatacaq. Çünki bu gün ətrafda gördüyümüz əşyaların əksəriyyəti bu və ya digər formada  neftdən alınmış məhsullardan ərsəyə gəlib. Azərbaycanın enerji ehtiyatları təkcə xammal kimi Avropaya satılmaqda deyil, eyni zamanda gələcəkdə yeni sənaye sahələrinin yaradılmasına imkan verəcək”.
 
//Safura Bənnayeva, Editor.az