Neftin bahalaşması ilə ərzaq məhsullarının qiyməti artır: ” Bu vəziyyət gələn ilədək davam edəcək”backend

Neftin bahalaşması ilə ərzaq məhsullarının qiyməti artır: “Bu vəziyyət gələn ilədək davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftin dünya bazar qiymətlərinin ardıcıl olaraq yüksəliş nümayiş etdirməsi dünya ölkələrində koronavirusla bağlı pandemiyanın sovuşması ilə əlaqədardır. Belə ki, vaksinləşdirmə prosesi artıq nəticələrini göstərməkdədir. Bütün ölkələrdə məhdudiyyətlər aradan götürülür və buna müvafiq olaraq da cəmiyyətdə və iqtisadiyyatda bərpa prosesləri getdikcə sürətlənir. Bu da tələbatı artırır. Söhbət,l bütün sahələrdəki tələbatdan gedir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspertin sözlərinə görə, son 2 ildə pandemiya ilə bağlı isə bütün sektorlar üzrə təklifdə fasilə yaranmışdı:

“Başqa sözlə, hasilat azaldılmışdı, istehsal dayanmışdı, xidmət məhdudlaşdırılmışdı. Odur ki, hazırda sürətlə artmaqda olan tələbatı təklif qarşılaya bilmir. Bu fonda ölkəmizə gəldikdə isə, bizim üçün mövcud vəziyyət həm əlverişlidir, həm də müəyyən istiqamətlər üzrə qeyri-qənaətbəxşdir. Əlverişlidir, ona görə ki, neftin bahalaşması gəlirlərimizi artırır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 498 milyon dollar dəyərində xam neft ixrac edib. Hələ hasilatı azaltmışıq. Büdcədə neftin qiymətini 40 dollardan götürmüşük, dünya bazarlarında isə 80 dolları keçib. 200 faiz həddində gəlir götürürük. Qeyri-qənaətbəxşdir isə ona görə ki, xam neftin bahalaşması hər şeyin qiymətini yüksəldir. Ərzaq və digər məhsullar da bahalaşır. Bu isə bizə təsir edir, idxal inflyasiyası yaradır – daxildə istehsalı zəiflədir, boğur. Hesab edirəm ki, bu vəziyyət gələn ilədək davam edəcək”.

//Gülnarə Abasova, Editor.az