Neftin dünya bazar qiyməti NİYƏ AZALIR?- “”OPEC+” ölkələri hasilatı yenidən artıracaq”- Ekspertlər SƏBƏBLƏRİ AÇIQLADIbackend

Neftin dünya bazar qiyməti NİYƏ AZALIR?- “”OPEC+” ölkələri hasilatı yenidən artıracaq”- Ekspertlər SƏBƏBLƏRİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftin dünya bazar qiyməti yenidən azalmaqdadır. İyun ayında “Brent” markalı neftin hər barrelində 8 dollar azalma qeydə alınıb. Ötən ayın ilk günündə hər bareli 116 dollara təklif edilən neft 108 dollaradək ucuzlaşıb. Mütəxəssislər hesab edir ki, neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır.

Maraqlıdır gələcək aylarda bizi nə gözləyir?

İqtisadçı ekspert Pərviz Heydərov Editor.az-a açıqlamasında bildirib ki, neftin qiymətinin ucuzlaşması dünya iqtisadiyyatında böhran riskinin yüksəlməsi ilə bağlı deyil:

“Əksinə dünyada vəziyyət gərginləşməyə davam edirsə, böhran dərinləşirsə bu neftin qiymətinin bahalaşmasına gətirib çıxartmır. Bu rəqəmlər sadəcə bazara gələn müəyyən müsbət siqnalların təsiridir. Belə ki, bu ilin avqustun sonunda  2020-ci ilin aprelində “OPEC+” ölkələrinin neft hasilatını məhdudlaşdırması ilə bağlı qəbul olunan yekdil qərarın müddəti  başa çatır. Bu isə o deməkdir ki,  “OPEC+” ölkələri artıq hasilatı artıra biləcək. Bazarda isə neftə olan tələbat dünya iqtisadiyyatındakı böhranın dərinləşməsi ilə artmaqdadır. Çünki Rusiya neft və qaz bazarında sıxışdırılır, əvəzində isə alternativ satıcılar hələ ki meydanda yoxdur. Beləliklə yeni satıcıları meydana dəvət etmək ehtiyacı yaranıb”.

Pərviz Heydərov vurğulayıb ki, dünya iqtisadiyyatı artıq ikinci ildir ki, pandemiyadan çıxıb və dünya ölkələrinin iqtisadiyyatında bərpa prosesləri sürətlə gedir:

” Ancaq Rusiya-Ukrayna müharibəsi çox təəssüf ki, bu prosesi bir qədər yavaşlatdı. Buna baxmayaraq ilin ikinci yarısının sonuna doğru avqustdan başlayaraq “OPEC+” ölkələrinin hasilatı artırması gözlənilir. Hasilatı 2018-ci il pandemiyaya qədər olan səviyyəyə çatdıracaqlar. Elə bu xəbərin təsiridir ki, hal-hazırda neft bazarında iyun ayında qiymət artımı bir qədər səngidi və biz əks tendensiya müşahidə etdik. Bu o qədər ciddi bir hal deyil. Yəni hələ ki, neftin qiymətinin kəskin şəkildə enəcəyi gözlənilmir. Çünki neft ölkələri hasilatı bir-birdən əvvəlki səviyyəyə çatdıra bilməz. Neftə tələbat isə durmadan artmaqdadır. ABŞ özü də etiraf edib ki, dünya bazarlarında neftin qiyməti artıq onun nəzarətindən çıxıb. Neft qiymətlərində təsiredici  qüvvə rolunda bilavasitə “OPEC+” ölkələri çıxış edir. Onların da atdıqları addımlar hələ anons şəklində ortaya çıxarkən belə qiymətlərə öz təsirini göstərir”.

İqtisadçı ekspert Elşən Bağırzadə Editor.az-a bildirib ki,  hazırda Neftin qiymətində nisbi azalma 2 amillə bağlıdır:

” Əvvəla həqiqətən də qlobal resessiya ilə bağlı gözləntilərdə artım müşahidə olunur. Bu şübhəsiz ki, neftə olan tələbata, xüsusilə də neftlə bağlı fyuçer müqavilələrinə təsirini müəyyən qədər göstərir. İkinci amil də “OPEC+” toplantısı və onun nəticəsində ortaya çıxan neft hasilatının artırılması qərarıdır. Hazırda bu ikinci amil, neftin qiymətini aşağı çəkən əsas amil kimi çıxış edir. Eyni zamanda hazırda çox böyük təsiri olmasa da ancaq müəyyən ölçüdə nəzərə alınmalı olan digər bir amil də var. Bu da neftinə bazar tapmaq problemi ilə üz-üzə qalan Rusiyanın yaxın gələcəkdə müxtəlif kanallar vasitəsilə daha ucuz neft təklif edə biləcəyi ehtimalıdır. Fikrimcə, qarşıdakı aylarda bütün bu amillər neft qiymətlərini müəyyən dərəcədə cilovlaya bilər, ancaq qiymətlərdə kəskin enişlərin olacağını gözləmək üçün hələlik əlimizdə ciddi bir əsas yoxdur”.

//Gülnarə Abasova, Editor.az