“Neftin dünya bazar qiymətləri dövlət büdcəmizdə nəzərdə tutulandan iki dəfə çoxdur”-İqtisadçı ekspert DEVALVASİYADAN danışdıbackend

“Neftin dünya bazar qiymətləri dövlət büdcəmizdə nəzərdə tutulandan iki dəfə çoxdur”-İqtisadçı ekspert DEVALVASİYADAN danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az iqtisadçı ekspert Pərviz Heydərovla müsahibəni təqdim edir:

– Pərviz bəy, son vaxtlar dünyada baş verən proseslər ölkəmizdə milli valyutanın sabit qalıb-qalmayacağı ilə bağlı suallar ortaya çıxarır. Bu barədə nə düşünürsüz?

-Azərbaycanda manatın məzənnəsi bilavasitə neftin dünya bazar qiymətlərindən aslıdır. 2015-ci ildə ölkədə iki dəfə devalvasiyanın baş vermə səbəbi neftin dünya bazar qiymətlərinin aşağı düşməsi ilə əlaqədar oldu. Həmin ildən sonra manatın məzənnəsinin 1.70 həddində sabitləşməsinin də səbəbi yenə neftin dünya bazar qiymətlərinin stabilləşməsi ilə əlaqədardır. Dünya bazarında neftin qiymətinin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan yuxarı olması ölkəmizin valyuta bazarında sabitliyinin qorunub- saxlanılması, manatın stabil qalması deməkdir. Real vəziyyət isə bundan ibarətdir ki, neftin dünya bazar qiymətləri dövlət büdcəmizdə nəzərdə tutulandan iki dəfə çoxdur. Bu isə o deməkdir ki, hal-hazırda dövlətimizin valyuta gəlirləri yüksəkdir. Ölkədən çıxan xarici valyuta ilə ölkəyə daxil olan valyuta arasında balans manatın məzənnəsinin xeyrinədir. Dünya bazarlarında neftin qiymətinin hal-hazırdakı kimi yüksək olacağı təqdirdə Azərbaycanda manatın məzənnəsi üçün heç bir devalvasiya təhlükəsi mövcud olmayacaq.

– Yaxın bir neçə ildə devalvasiya təhlükəsi gözlənilirmi?

-Nə vaxtsa neftin dünya bazar qiyməti 50 dollardan aşağı səviyyəyə düşərsə və bu, uzun müddət davam edərsə o zaman devalvasiya təhlükəsi qaçılmazdır. Elə olduqda, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini yumşaltmalı olacaq. Belə bir hal isə cari il ərzində gözlənilmir. Çünki hal-hazırda Ukraynada müharibədir və bu müharibənin uzun müddət davam edəcəyi gözlənilir. Baş verən proseslər fonunda neftin qiyməti uzun müddət yüksək olaraq qalacaq. Növbəti illərdə isə vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil. Lakin belə bir şərait dünyada ərzaq qıtlığına, bahalaşmaya, inflyasiya artımına gətirib çıxarır və bu da uzun müddət belə davam edəcək.

– Bəs sizin dediyiniz qlobal inflyasiya, bahalaşma milli valyutaya təsir göstərə bilərmi?

– Azərbaycan resurs ölkəsi olduğuna görə, qlobal inflyasiya, bahalaşma bilavasitə manatın məzənnəsinə təsir edə bilməz. Azərbaycanın dövlət büdcəsinin 90 faizini neft və neft məhsullarından gələn gəlirlər təşkil edir. Ölkəmizdə valyuta bazarında məzənnə siyasəti inzibati metodlarla müəyyən olunur və sərbəst tənzimlənmə mexanizmi mövcud deyil. Buna səbəb isə odur ki, Azərbaycanda qeyri-neft sektoru kifayət qədər inkişaf etməyib. Bizim ölkəyə xarici valyuta gətirəcək neft və neft məhsullarından kənar güclü ixrac potensialına malik məhsullar yoxdur. Son vaxtlar qeyri-neft sektoru inkişaf etsə də bu sahədə rəqəmlər 40-45 faiz həddə çatmalıdır ki, manatın məzənnəsinin dəyişməsində qeyri-neft sektoru da rol oynaya bilsin. Yəni, ölkədən ixrac etdiyimiz məhsulların 40-45 faizini qeyri-neft sektorundan əldə etdiyimiz gəlirlər təşkil edərsə, manatın məzənnəsi diktə yolu ilə deyil, sərbəst tənzimlənən mexanizm əsasında müəyyən oluna bilər. Yaxın perspektivdə isə real şərait buna imkan vermir. Nə qədər ki, dünya bazarında neftin bir bareli 60 dolların üzərində olacaq, milli valyutanın məzənnəsi üçün dollar qarşısında heç bir təhlükə mövcud olmayacaq”.

//Gülnarə Abasova, Editor.az