“Neft və qaz qiymətlərində kəskin ABŞ-İran müharibəsi ilə əlaqədar idi. Müharibə bitərsə və Hörmüz boğazı ilə bağlı problemlər öz həllini tapsa, təbii ki, qiymətlər enəcək”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, enerji qiymətlərinin əvvəlki vəziyyətinə qayıtması üçün zaman lazımdır:
“Amma neft və qaz qiymətlərinin dərhal müharibədən öncəki vəziyyətə qayıdacağını söyləmək çətindir. Həm bazar iştirakçıları, həm də alıcı və satıcılar bir müddət gözləyəcək ki, əldə olunan sülh qalıcı olsun. Qiymətlər bir müddət müharibədən öncəki vəziyyətdə deyil, biraz daha yüksək səviyyədə qalacaq”.
Ekspert qeyd edib ki, İran və ABŞ arasında ehtimal olunan atəşkəsdən sonra neft qiymətləri ilkin mərhələdə maksimum 80-85 dollara düşə bilər:
“Məsələn, müharibədən öncə neft 68-70 dollar idisə, atəşkəs elan olunarsa, ilkin mərhələdə 80-85 dollara düşə bilər. Amma qalıcı sülh əldə edilərsə, bir müddət sonra enerji qiymətlərinin müharibədən öncəki vəziyyətə qayıtması, hətta daha ucuzlaşması ehtimalı var. Lakin bunun üçün biraz zaman lazım olacaq”.
Qeyd edək ki, ABŞ-nin İranla aralarındakı müharibəyə son qoymaq üçün 15 maddəlik plan göndərdiyi barədə xəbərlərdən sonra neft qiymətləri azalıb. Belə ki, “Brent” markalı neftin fyuçersləri 4,89 dollar və ya 4,7% azalaraq 97,57 dollara düşüb. “WTI” neftinin qiyməti isə 3,54 dollar və ya 3,8% azalaraq 88,81 dollar olub.

