Neftin qiyməti düşməkdə davam edir: “Əgər 50 dollardan aşağı ensə, bu, ölkəmiz üçün ciddi təhlükədir”backend

Neftin qiyməti düşməkdə davam edir: “Əgər 50 dollardan aşağı ensə, bu, ölkəmiz üçün ciddi təhlükədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftin qiyməti Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra əvvəlcə düşməli idi. Çünki Tramp hələ birinci prezidentliyi dövründə Səudiyyə Ərəbistanını tənqid edirdi ki, neftin qiymətini süni yollarla yuxarıda saxlayır. Xatırladaq ki, 2016-cı ilin birinci yarısından etibarən Səudiyyə Ərəbistanının bilavasitə rəhbərliyi altında OPEC+ ölkələri neftin qiymətini nəzarətdə saxlayırdılar. Ötən müddət ərzində neftin qiymətinin 60 dollardan yuxarıda qalmasının səbəbkarı OPEC+ ölkələri təşkilatının hasilatı aşağı səviyyədə tutması ilə əlaqədardır. Ancaq görünən odur ki, hazırda artıq bu təşkilatın içində ciddi ziddiyət yaranıb və təşkilatın daimi üzvləri, başda Səudiyyə Ərəbistanı olmaqla qoyulan tələblərə nəzarət etmirlər. Səudiyyə Ərəbistanı və digər bir çox ölkələr hasilatı artırmaq qərarına gəliblər ki, bu da istər-istəməz neftin qiymətini aşağı çəkməyə təsir göstərəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçı irəli sürülən proqnozlara əsasən hesab edir ki, neftin qiyməti 50 dollara qədər enə bilər:

“Təkcə yanvar ayının 20-də Tramp Ağ evdə prezidentlik fəaliyyətinə başladıqdan sonra neftin qiyməti 80 dollardan 60 dollara qədər enib. Neftin qiymətinin bundan sonra da 50 dollara qədər enəcəyi şübhə doğurmur. Dövlət gəlirləri neftin ixracına bağlı olan ölkələr, Azərbaycana gəlincə əslində neft hasilatı edən ölkələr üçün neftin dünya bazar qiymətlərinin 60 dollar ətrafında olması sərfəlidir. 60 dollardan yuxarı olarsa bu daha çox gəlir deməkdir, enərsə isə bu, Azərbaycan kimi ölkələr üçün riskdir. Ona görə də neftin qiymətinin enməsi və enməkdə davam etməsi bizə müəyyən risklər yaradır. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda həm də neft hasilatı enir. Məsələn, ölkəmizdə yanvar ayından etibarən yarım milyon ton ağ neft ixrac edilib. Bu il üçün neftin qiyməti 50 dollara da ensə də heç bir təhlükə yoxdur. Bu il üçün neft fondundan ümumi büdcə gəlirlərinin 40 faizə qədərinin transferi nəzərdə tutulub və bu, ilin axrına qədər mərhələli şəkildə həyata keçiriləcək. Ancaq növbəti il üçün neftin qiymətinin 50 dollara qədər enməsi manatın məzənnəsinin dəyişməsinə gətirib çıxara bilər”.

P. Heydərovun sözlərinə görə, Azərbaycan üçün ən təhlükəli məqam qiymətin məhz 50 dollardan aşağı düşməsidir:

“Bu hal ən çox 2-3 aya manatın qiymətinə ciddi təsir edəcək. Neft yanvar ayından bu yana ucuzlaşmaqda davam etsə də ancaq qiymətlərin 50 dollardan da aşağı düşəcəyi ehtimal edilmir. Əks hal Səudiyyə Ərəbistanı kimi ölkələr üçün də ciddi itkilərə səbəb ola bilər. Digər tərəfdən Azərbaycan üzən məzənnəyə keçə bilməz. O dövlətlər üzən məzənnəyə keçir ki, həmin ölkələrdə xarici valyuta satıcıları çoxluq təşkil edir. Azərbaycanın valyuta bazarında dollar satan yalnız Dövlət Neft Fondudur. Neft Fondundan başqa dollar satıcısı olmadığına görə üzən məzənnəyə keçə bilmərik. Yalnız Mərkəzi Bank hər zaman olduğu kimi inzibati yolla manatın məzənnəsini təmin edə bilər”.

//Gülnarə Abasova, Editor.az