İsrailin baş naziri Benyamin Netanyahu Beyrutun Dahiyə rayonuna edilən son hücumla bağlı açıqlama verib. Baş nazir bildirib ki, İsrail ordusu hücum zamanı “Hizbullah”ın hərbi qanadının rəhbərlərindən biri olan Heysəm Əli Təbatəbaini zərərsizləşdirib.
Editor.az xəbər verir ki, Netanyahu “Hizbullah”ın “gücünü bərpa etməsinə” imkan verməyəcəklərini vurğulayaraq, Livana qarşı hücumların davam etdiriləcəyi ilə bağlı bəyanatını yenidən səsləndirib.
O həmçinin Livan hökumətini “Hizbullahı tərksilah etmək öhdəliyini yerinə yetirməməkdə” ittiham edib. “Hizbullah” isə yayımladığı açıqlamada Təbatəbainin İsrail ordusunun hava hücumu nəticəsində öldüyünü təsdiqləyib.
Qeyd edək ki, bazar günü İsrail ordusu atəşkəsi pozaraq Beyrutun Dahiyə rayonuna hava zərbəsi endirib. Nəticədə 5 nəfər həlak olub, 28 nəfər yaralanıb.
İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücuma başlayıb və 2024-cü ilin sentyabrına qədər bu proses genişmiqyaslı müharibəyə çevrilib. Müharibə nəticəsində 4 000-dən çox insan ölüb, təxminən 17 000 nəfər yaralanıb.
27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bu müddətdə atəşkəsi minlərlə dəfə pozduğu bildirilir. İsrail hələ də 8 oktyabr 2023-cü ildən sonra ələ keçirdiyi beş təpəni nəzarətdə saxlayır və illərdir işğal etdiyi bəzi ərazilərdə mövcudluğunu davam etdirir.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 27 noyabr 2024 – 20 noyabr 2025 tarixləri arasında İsrailin atəşkəsi pozan hücumları nəticəsində 331 nəfər öldürülüb, 945 nəfər isə yaralanıb.
// Gülnarə Abasova, Editor.az

