Sumqayıtda azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.
O bildirib ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
16:55
Sosial şəbəkələrdə Sumqayıt şəhərində yaşayan azyaşlının nənəsi tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumatlar yayılıb.
Nəvəsinə şiddət göstərdiyi deyilən nənə Ülviyyə Abdullayeva Baku TV-yə açıqlama verib.
O, nəvəsinə fiziki zorakılıq tətbiq etmədiyini deyib:
“Əminəyə qışqırırdım, onu danlayırdım. Onu cəzalandırmaq üçün deyirdim ki, qapının arxasında dayan, bir saat oyuncaqla oynamayacaqsan. Amma döymək mənim tərbiyəmə ziddir”.
Ü.Abdullayevanın sözlərinə görə, nəvəsi nevroloji xəstədir:
“Stolun, çarpayının üstünə çıxır. Yanında adam olmayanda özünü yerə çırpır”.
Nənə həmçinin qeyd edib ki, onu polisə şikayət edən şəxs nəvəsini sənədsiz şəkildə övladlığa götürən qadındır:
“Məni şikayət edib ki, uşağı məndən alıb, ona versinlər. Bu, mümkün deyil. Uşağı dövlət məndən alsa belə, onlara verilməyəcək”.