Bakının Nəsimi rayonu ərazisində silahlı insident törətməkdə təqsirli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə iclası sentyabrın 13-də davam edəcək.
Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər – Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.

