Qərbi Afrika ölkəsi Nigerdə qızıl mədəninin çökməsi nəticəsində 25 nəfərin öldüyü bildirilib.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, dünən Nigerin cənubundakı Maradi bölgəsindəki Kondaqo kəndində qızıl mədənində çökmə baş verib. Yerli hakimiyyət orqanlarının bu gün verdiyi açıqlamada mədəndən 25 cansız cəsədin çıxarıldığı bildirilib.
Xilasetmə qrupları və könüllülərin də iştirak etdiyi axtarış-xilasetmə işləri davam edərkən çuxurda onlarla işçinin qaldığı öyrənilib. Bununla belə, axtarış-xilasetmə işlərinin texnika çatışmazlığı səbəbindən ləngidiyi, xilasetmə işçilərinin yalın əl və sadə alətlərlə torpağı qazmağa çalışdığı bildirilib.
Mədəndəki qəzanın səbəbi hələlik məlum olmasa da, qeyd edək ki, qızıl mədənlərinin yerləşdiyi ərazidə çoxlu qanunsuz mədənlər var.
//Gülnarə Abasova, Editor.az

