“Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticəsindən sonra Azərbaycan Ermənistandan 10 noyabr və 11 yanvar beyanatlarındən irəli gələn öhdəlikləri yerinə yetirməsini gözləyir. Lakin Ermənistan ordusunda təxribatçı qüvvələr Azərbaycanla Ermənistan arasında mümkün dialoqun başlanmasını sabotaj edir.”
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Kəlbəcər ve Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin son günlərdə intensiv olaraq pozulması sülh danışıqlarının başlanması prosesini daha da çətinləşdirir:
“Azərbaycanın dövlət sərhədini müəyyənləşdirən xəritələrə əsasən Azərbaycan ərazisi Göyçə gölünün 5 km-liyinə qədər gedib çıxır. Azərbaycan ordusunun Göyçə gölünün 5 km-liyinə gedib çıxmaması və Qazaxın 6 kəndinin Azərbaycana verilməməsi üçün Ermənistan silahlı qüvvələri sərhəddə belə təxribatlara əl atır. Ermənistanın bu cür cəhdlərinin qarşısını Azərbaycan Ordusu qətiyyətlə alacaq”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, ötən gün Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin bəndlərinin müəyyənləşdirilməsi üçün rəsmi İrəvana mesaj verdi:
“Ermənistan Azərbaycan tərəfinin sülhpərəst, humanist addımlarını nəzərə almasa, bu Ermənistan üçün ağır nəticələnəcək. Erməni xalqı Nikol Paşinyan növbəti dəfə ona görə hakimiyyətə gətirdi ki, Azərbaycanla sülh razılaşması əldə olunsun. Əgər Nikol Paşinyan bu cür təxribatlara davam edib sərhəddə vəziyyəti mürəkkəbləşdirərsə, erməni xalqı elə özü onu cəzalandıracaq. Ermənistan tərəfdən Azərbaycanla sərhəddə atəşkəsin pozulması davamlı hal alarsa, onlara qarşı adekvat cavab tədbirləri görüləcək”.
//Gülnarə Abasova, Editor.az

