“Ermənistan Baş nazirini Nikol Paşinyanın Konstitusiya ilə bağlı açıqlamaları reallığı ifadə edir. Paşinyan bəzi məsələləri etiraf etməkdə çox gecikib. Faktiki olaraq bu gün Ermənistanın həyata keçirtdiyi siyasət bölgədə qarışıqlıq və sülh imkanlarının əleyhinə çevrilib”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyası təkcə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən bir boşluğu ehtiva etmir, eyni zamanda, orada gələcəyə yönəlik Ermənistan xalqını düşdüyü uçurumdan xilas edəcək ideoloji əsaslar və bazalar da mövcud deyil:
“Ermənistanın həyata keçirtdiyi bu yanlış siyasət nəticəsində bu gün çıxılmaz bir vəziyyətə düçar olub. Paşinyanın Konstitusiya ilə bağlı açıqlamaları reallığı ehtiva etsə də səmimi deyil. Baş nazir Sarkisyandan sonra hakimiyyətə gəldikdə Ermənistan Konstitusiyasını dəyişməklə bağlı əlində imkanlar var idi. Ancaq o, özündən əvvəlkilərin revanşist ideallarını davam etdirdi. Eyni zamanda, bu gün Nikol Paşinyan çətin sınaq qarşısındadır. Çünki onun vaxtında cəmiyyəti Konstitusiya dəyişikliyinə hazırlamaması, Ermənistanda radikal, milliyətçi qüvvələrin aradan qaldırılmaması vəziyyətin daha da gərginləşməsinə və münasibətlər sisteminin pozulmasına gətirib çıxarır. Bu baxımdan da indi Nikol Paşinyan çox çətin bir sınaq qarşısındadır və o, Konstitusiya dəyişikliyi, eyni zamanda, digər vacib məsələlərin yerinə yetirilməsində gecikməməlidir. Çünki hələ də Ermənistan Konstitusiyasını dəyişmək üçün şanslarını tükətməyib”.
//Gülnarə Abasova, Editor.az