Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının regionda sabitliyin təmin olunması üçün vacib olduğunu bildirib.
Editor.az xəbər verir ki, Paşinyan bu barədə 31 oktyabr tarixində hökumət iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, danışıqlar prosesinin uzadılması bölgədə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır. Bu, təkcə iki ölkə üçün deyil, bütün region üçün zəruridir”, – Paşinyan qeyd edib.
Baş nazir, eyni zamanda, sülh sazişinin mümkün qədər tez imzalanmasının qlobal və regional proseslərdən irəli gəldiyini vurğulayıb:
“Dünyada və regionda vəziyyət gərgindir və biz gərginliyin azaldılmasına, fundamental həll yollarının tapılmasına görə özümüzü məsuliyyətli hesab edirik. Ermənistan regional sabitlik və təhlükəsizlik üçün konstruktiv mövqedə qalacaq”, – o əlavə edib.
Bununla belə, Paşinyan çıxışında Ermənistan Konstitusiyasından Azərbaycan ərazisinə iddiaların çıxarılması məsələsinə toxunmayıb. Ekspertlərin fikrincə, bu məqam sülh müqaviləsinin imzalanması istiqamətində əsas maneələrdən biri olaraq qalır.
Paşinyan həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin bəzi hissələrində delimitasiya və demarkasiya işlərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb: “Biz sərhədin müəyyənləşdirilməsi prosesini davam etdirməli və bu istiqamətdə praktik nəticələr əldə etməliyik”, – Baş nazir bildirib.
//Samir Qurbanov, Editor.az

