Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə gələn ilin dövlət büdcəsinin dinləmələrində çıxış edib.
Editor.az bildirir ki, bu barədə baş nazir çıxışında Türkiyə ilə Ermənistan arasında sərhədin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirib.
“Ümid edirəm ki, yaxın gələcəkdə biz xüsusi nümayəndələrin danışıqları nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə nail olacağıq ki, buna da aşağıdakılara aiddir: Ermənistan və Türkiyə arasındakı sərhəd indiki mərhələdə üçüncü dövlətlərin vətəndaşları və diplomatik sənədlərin sahibləri üçün açıq olacaq”, – Paşinyan deyib. Baş nazir qeyd edib ki, siyasi əlaqələr qurmaqla yanaşı, infrastrukturla bağlı da işlər görülüb. Marqaradakı keçid məntəqəsindəki tikililər bərpa olunub və əsaslı təmir edilib.
Əvvəllər qeyd olunub ki, Türkiyə və Ermənistan ikitərəfli münasibətlər üzrə danışıqlar üçün öz nümayəndələrini təyin ediblər. İndiyədək dörd görüş keçirilib. Ötən il Vyanada baş tutan son görüşün yekunlarına əsasən, ölkələr arasında sərhədlərin digər ölkələrin vətəndaşları üçün açılması istiqamətində iş görmək qərara alınıb. Həmçinin iki respublika arasında birbaşa hava yük daşımalarının yaradılması imkanları müzakirə edilib.
/Samir Qurbanov, Editor.az

